“Nərgiz Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) idarə heyətinin sədri Rasim Nağıyev məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rasim Nağıyev Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq üç nəfər cavabdehdən müştərək qaydada 514 manat əsas, 30 manat faiz, 245 manat cərimə - cəmi 789 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq şirkətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilib.
Kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 12 ay müddətinə illik 20 faizlə 1800 manat kredit verilib.
Sonradan kredit ödənişi aparılmayıb və borc yaranıb.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilib, cərimə məbləği 10 manata endirilərək cəmi 554 manat borc və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutularaq “Nərgiz Kredit İttifaqı”na ödənilməsi barədə qətnamə çıxarılıb.
Rasim Nağıyev daha üç müştərisinə qarşı isə ayrı icraatda məhkəmə iddiası qaldırıb. O, 2100 manat əsas, 410 manat faiz, 246 manat cərimə - cəmi 2766 manat borcun və ödənilmiş 48 manat dövlət rüsumunun tutularaq “Nərgiz Kredit İttifaqı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
Məhkəmə bu iddia tələbini də qismən təmin edib. Bu iddia ərizəsində də iki müştəridən müştərək qaydada qeyd olunan məbləğlərin tutulması barədə qətnamə çıxarılıb.