SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İqtisadçı bankların problemini açıqlayır: Dəyişməyən rəhbərlər, zəif makroiqtisadi bilik

İqtisadçı bankların problemini açıqlayır: Dəyişməyən rəhbərlər, zəif makroiqtisadi bilik

Azərbaycanın bank sektorunda rəhbər və digər vəzifələrə xarici mütəxəssislərin təyin olunması tendensiyası nəzərə çarpır. Misal üçün son təyinatlardan biri "Unibank"ın İdarə Heyətinə Rusiya vətəndaşı Valentin Morozovun yeni sədr təyin edilməsidir. Bəs hazırda Azərbaycanda bank sahəsində yerli mütəxəssislər nə dərəcədə rəhbər vəzifələrə hazırdır?

İqtisadçı Elman Sadıqov Yurd.Media-ya açıqlamasında bildirib ki, ölkəmizdə bank sektorunda kadrlar müasir tələblərə cavab vermir:

"Azərbaycanda bank sektoru iqtisadiyyatın digər sahələri ilə müqayisədə beynəlxalq standartların tətbiqi, beynəlxalq auditin yoxlama aparması, ümumiyyətlə kadr məsələləri üzrə bir yox iki-üç addım öndədir. Lakin bank sektorunda bir çox kadrlar müasir tələblərə cavab vermir".

Onun sözlərinə görə, əsas məsələlərdən biri ölkəmizdə bank sektorunda mövcud olan bəzi kadr məsələlərinin subyektivliyidir ki, bu da öz növbəsində demotivasiyaya səbəb olur:

"Hətta, müşahidə şurası və idarə heyətlərinin belə tərkibi heç də hamısı peşəkar deyildir. Nəticə etibarilə, bank sektoru özü-özünə bu şəkildə bir pislik etmiş oldu. Bank sektorunda demotivasiya səbəbindən bir çox mütəxəssislər sektordan getdi və ya banklar bağlanarkən, peşəkar mütəxəssislər digər banklardakı qeyri-peşəkar mütəxəssislər ilə əvəz olunur".

E.Sadıqov vurğulayıb ki, ən böyük problemlərdən biri bankların idarə heyətlərində və ya digər yüksək vəzifələrdə uzun müddət eyni şəxslərin qalmasıdır:

"Bir şəxsin 10-15 il eyni vəzifədə qalması, innovativ ideyalar və düşüncələr tələb edən bir sahədə əlbəttə ki, mənfi nəticələr verir. Həmçinin, təcrübə mübadilələri də zəif olur".

İqtisadçı Elman Sadıqovİqtisadçı Elman Sadıqov

İqtisadçı qeyd edib ki, xarici mütəxəssislərin bank rəhbərliyinə təyin edilməsi çıxış yolu deyil:

"Artıq bugünkü gündə yeni yanaşmalar, yeni düşüncə və ideyalar tələb olunur. Açığı bu gün bank sektorunda görülməli işlər də çoxdur. Bugün artq müəyyən bir dar çərçivədən kənara çıxmaqda çətinlik çəkilir. Misal olaraq, "Unibank" və ya digər banklar 30 ildən çoxdur sektordadırlar. Bu müddət ərzində bank özü üçün bir mütəxəssis yetişdirə bilməyibsə, deməli bankda ciddi problemlər var. İstər "Unibank", istərsə də digər banklar beynəlxalq mürəkkəb ticarət əməliyyatlarında iştirak edir, bizim ölkəmizdə çox böyük transmilli şirkətlərə xidmət göstərirlər. Bəs xarici mütəxəssislər çıxış yoludurmu? Mən düşünmürəm. Çünki xarici mütəxəssis gəlib ölkənin spesifik xüsusiyyətləri ilə tanış olmalıdır. Bankın yaxşılaşdırılması üçün mövcud vəziyyətdən nə dərəcə istifadə edəcəkləri sual altındadır. Əgər hansısa xarici mütəxəssis gəlib həmin bankı region səviyyəsinə çatdıracaqsa, məsələn yaxın region ölkələrində filial açacaq, ondan səmərəli istifadə edəcək, yeni məhsullar ortaya qoyacaq, rəqabətə davamlı olacaqsa bu başqa məsələ. Bizim bəzi banklar xaricdə filial açsa, rəqabətə davam gətirə bilməyəcək. Çünki bu yanaşmalar bizim banklar üçün primitivdir".

Onun sözlərinə görə, Azərbaycanda bank sektorunda ən böyük çatışmazlıq bank işini bilən insanın iqtisadiyyatı, makroiqtisadiyyatı bilməməsidir:

"Makroiqtisadiyyatı bilməyən bir bank işçisi birmənalı olaraq, öz işində uğurlu ola bilməz. Dünya ölkələrindəki banklara, onların rəhbərlərinə və danışıqlarına baxın. Adamlar bank sektoru ilə makroiqtisadi məsələləri uyğunlaşdırır. Çünki bank sektoru iqtisadiyyatın içindədir və ona xidmət edir. Bizim bank sektorunda iqtisadi bilik, iqtisadi nəzəriyyə və iqtisadiyyatla bağlı olan məsələlər təəssüf ki, yüksək deyil. Digər tərəfdən də bank sektorunda ən böyük problemlərdən biri, iqtisadiyyatın ayrı-ayrı sektorlarını dərindən bilməməsidir. Məsələn, bir nəfər gedib kənd təsərrüfatı ilə bağlı kredit götürməyə. Həmin bankda kənd təsərrüfatı haqda bilən mütəxəssis tapa biləcəksinizmi? Əlbəttə yox. Yaxud turizmi bilən bank mütəxəssis varmı? Yoxdur. Bu səbəbdən, kredit götürən şəxs dərdini anlada bilmir, nəticədə böyük problemlər formalaşır".

İqtisadçının sözlərinə görə, bu gün Azərbaycanda bank sektorunun ayaqda qalma səbəbi ölkəmizdə olan makroiqtisadi dayanıqlılıq, neft qiymətləri, neft-qazın ixracı, ölkənin yürütdüyü siyasət:

"Bütün bunlar hələ də həm nisbətən arxayınlıq gətirib, həm də nisbətən bank sektorunda rahatlıq var. Bu gün manatın kursunun sabit olması, bank sektorunun bəlkə özünün də düşünmədiyi şəkildə bir rahatlıq gətirib. Mən rublun, avronun, dolların kursuna baxıram. Bu yanaşma ilə üzən məzənnə olsa idi, düşünmürəm ki, banklarımız ayaqda qala bilərdi. Tam olaraq, üzən məzənnənin mahiyyətini bilmədikləri üçün batardılar. Çünki qeyd etdiyim kimi, üzən məzənnəyə keçdiyin andan sən iqtisadiyyatı dəqiq bilməlisən ki, üzən məzənnənin hara doğru getdiyini ən azından təxmin edə biləsən. Çünki o, makroiqtisadi göstəricilərdən asılıdır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları