Azərbaycan Mərkəzi Bankı investisiya şirkəti olan “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verib.
Yurd.Media xəbər verir ki, yoxlamalar çərçivəsində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə investisiya şirkətinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
Qeyd edək ki, "Capital Partners İnvestisiya şirkəti" QSC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 22 iyun 2022-ci il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.
“Capital Partners İnvestisiya Şirkəti” QSC, 2007-ci ildə yaranıb və “Rabitəbank” ASC-nin törəmə şirkətidir.
“Capital Partners”in əsas fəaliyyət istiqaməti qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması və marja ticarətidir.