"AFB Bank" 2025–2029-cu illəri əhatə edən strateji inkişaf planını açıqlayıb.
Yurd.Media xəbər verir ki, bankın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib ki, 2029-cu ilin sonunda “AFB Bank”ın cəmi aktivlərinin 1 milyard manata çatdırılması nəzərdə tutulur.
O qeyd edib ki, 5 illik strategiya bankın müştəri yönümlü inkişafı, rəqəmsallaşma, ekosistem əsaslı bankçılıq və institusional gücləndirmə istiqamətlərini əhatə edir.
"AFB Bank"ın İdarə Heyətinin sədri Amid QənbərovStrategiyada ilk istiqamət müştəri yönümlü artımın təmin olunmasıdır. Bu çərçivədə kredit portfelinin genişləndirilməsi, aktiv müştəri sayının artırılması, bir müştəriyə düşən məhsul sayının çoxaldılması, imtiyazlı müştəri sayının yüksəldilməsi və pərakəndə müddətli əmanət portfelinin böyüdülməsi planlaşdırılır.
İkinci istiqamət ekosistem əsaslı bankçılığın inkişafını nəzərdə tutur. Bu çərçivədə tərəfdaşlıqlar vasitəsilə cəlb olunan biznes və pərakəndə müştəri sayının artırılması, aktiv ekosistem tərəfdaşlıqlarının genişləndirilməsi və müştəri dəyərinin yüksəldilməsi hədəflənir.
Üçüncü istiqamət isə insan toxunuşlu rəqəmsal bank modelinin qurulmasıdır. Bu mərhələdə tam rəqəmsallaşdırılmış müştəri təcrübəsinin yaradılması, kredit verilmə müddətinin azaldılması, mobil tətbiqin aktiv istifadəçi sayının artırılması və onlayn kreditlərin payının genişləndirilməsi planlaşdırılır.
Bankın İdarə Heyətinin sədri vurğulayıb ki, müəyyən edilmiş hədəflər AFB Bankın bazardakı mövqeyini daha da gücləndirməyə və rəqəmsal bankçılıq sahəsində rəqabət üstünlüyünü artırmağa xidmət edəcək.

“AFB Bank”ın İdarə Heyəti sədrinin müavini Lalə Quliyeva isə öz növbəsində qeyd edib ki, 2029-cu ilin sonunda Bankın cəmi aktivlərinin 70 faizinin və ya təxminən 700 milyon manatının müştərilərə verilmiş kreditlər, o cümlədən, cəmi kredit portfelinin təxminən 20 faizinin aqrar kreditlərin təşkil edəcəyi proqnozlaşdırılır.
“AFB Bank”ın İdarə Heyəti sədrinin müavini Lalə QuliyevaQeyd edək ki, 2025-ci ilin sonunda “AFB Bank”ın cəmi aktivləri 423 milyon manat, o cümlədən kredit portfeli təxminən 300 milyon manat təşkil edib.