Xəstə, artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxaran sex aşkar olunub.
Yurd.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı üzə çıxıb.
Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub.
Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.
Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.