SÜJET
Cəzaçəkmə müəssisəsində məhkum yoldaşının boğazını kəsərək ağır xəsarət yetirməkdə ittiham olunan Azər Şaliyevin cəzası ağırlaşdırılıb.
Yurd.media-nın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində elan edilib.
Belə ki, Azər Şaliyevin barəsindəki hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, onun cəzasın ağırlaşdırılmasını istəmişdi.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və yeni hökm çıxarılıb. Azər Şaliyev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Beləliklə, onun digər cəzaları da birləşdirilib və təqsirləndirilən şəxsə qəti olaraq 15 il 6 ay müddətinə cəza verilib.
Qeyd edək ki, həm Azər Şaliyev, həm zərərçəkmiş Şəhriyar Baxışəliyev 10 il əvvəl 13 il azadlıqdan məhrum ediliblər. Onlar bir təcridxanada cəza çəkiblər. Aralarındakı davaya səbəb isə Şəhriyarın Azərin istifadə etdiyi dolabda saxladığı şəxsi kitabçaya icazəsiz baxması olub. Azər məhkum yoldaşını öldürmək məqsədilə boğaz nahiyəsini arxa tərəfdən ülgüclə kəsib. Sonuncu xəstəxanaya yerləşdirilib.
Azər Şalıyevin barəsində Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməlini daha yüngül maddəyə (127.2.3-cü-qəsdən sağlamlığa az zərər vurma) tövsif ediblər. Hökmə əsasən, o, əvvəldən çəkilməmiş qalan 1 illik cəzası da birləşdirilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.