SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda firma və mağazalar şəbəkələrinin pulları mənimsənilib – MƏHKƏMƏ

Bakıda firma və mağazalar şəbəkələrinin pulları mənimsənilib – MƏHKƏMƏ

  • 24 oktyabr 2025, 16:49

“Fərmanoğlu” topdan satış firma və mağazası, “Vip baby” geyim mağazası, “Baby” uşaq mağazası və digər şəbəkələrin xeyli miqdarda pulunu mənimsəməkdə ittiham olunan şəxsin məhkəməsi başa çatıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Eldar Həsənov “Fərmanoğlu” topdan satış mağazası və digər MMC-lərdə ekspeditor işləyib. O, işlədiyi dövrdə şirkətin 19 min manatını mənimsəyib.

Şirkətin şikayəti əsasında onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə Mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, işlədiyi şirkətdə Fərman adlı şəxsə 4000-4500 manat civarında mal verib və planı tamamlamaq istəyib. Onun sözlərinə görə, sonradan həmin adam yoxa çıxıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, şirkətin anbarından mallar maşınlara yüklənib: “Məhsullar ticarət nöqtələrinə çatdırılıb. Orada pulu həm hesab faktura ilə ödəyiblər, həm də sürücüyə veriblər. Hansındakı mənim imzam var, onları qəbul edirəm. Pul həmişə mənə verilməyib. Hansına imza çəkmişdimsə, onlardan pul almışam”.

Təqsirləndirilən şəxs əlavə edib ki, “Vip-baby” mağazası, “Baby” uşaq mağazası, “Etibar” market, “Eminəm” marketə dəymiş ziyanlar ödənilib.

Şirkət və mağaza təmsilçiləri isə məhkəmədə verdikləri ifadələrində təqsirləndirilən şəxsin yalan danışdığını, cinayətdən boyun qaçırdığını bildiriblər.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E. Həsənov 2 il 11ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb.

Cəzaçəkmə müddətində təqsirləndirilən şəxsin Bakı şəhəri ərazisini tərk etməsi qadağan edilib. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi təqsirləndirilən şəxsə tapşırılıb.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib və cəzasının azaldılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Prime Leasing