Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz bazasında minaaxtaran işləmiş 1990-cı il təvəllüdlü Kamran Məmmədovun cinayət işinə baxılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, Ələddin Həsən oğlu Hüseynovun Füzuli rayonu, Arayatılı kəndində yerləşən fərdi yaşayış evindən bu ilin martın 6-da onun ailə üzvlərinin olmadığından istifadə edərək oğurluq etmək qərarına gəlib.
K. Məmmədov həmin gün səhər da evə daxil olub və otaqların birində olan şkafdan 200 manat nağd pulu götürüb. Daha sonra digər yataq otağına daxil olaraq otaqda olan şkafdakı mücrüdə saxlanılan xeyli miqdarda, ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Sabahı gün o, qızıl-zinət əşyalarının satışı ilə məşğul olan, törədilmiş cinayət əməlindən məlumatsız şəxsin Bakıda “Moskva” ticarət mərkəzində yerləşən mağazasına gedib, ona bu qızıl-zinət əşyalarını 8400 manata satıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evlidir, himayəsində iki azyaşlı uşağı:
“Maddi vəziyyətimin aşağı olması səbəbindən təxminən bir il əvvəl Füzuli rayonu, Horadiz şəhər sakinindən 13 min manat pulu hissə-hissə olmaqla 20 faizlə, həmçinin bir neçə tanışlarımdan müxtəlif məbləğlərdə borc pul alaraq ehtiyaclarıma sərf etmişəm. Aldığım borcları vəd verdiyim vaxtlarda qaytara bilməmişəm. Borc sahibləri mənə verdikləri pulları tələb etmələrinə görə qonşumuz, kənd orta məktəbinin direktoru vəzifəsində işləyən Ələddinin evindən pul və qızıl oğurlayaraq borclarımı qaytarmaq qərarına gəlmişəm”.
O, satdığı qızılın pulu ilə 3400 manat pulu borcunu qaytardığını, arvadı və övladlarını İmişli rayonunda yerləşən bazara apararaq geyimlər aldığını, mobil telefon aldığını bildirib.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə K. Məmmədov 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.