Azərbaycanda kənd təsərrüfatının yetərincə inkişaf etməməsinin əsas səbəbi maliyyə yükü deyil, daha çox idarəetmə problemləri ilə bağlıdır.
Bunu iqtisadçı ekspert Məmməd Talıblı Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.
Onun sözlərinə görə, dövlətin rolu yalnız sahibkara maliyyə verməklə kənara çəkilməkdən ibarət olmamalıdır:
"Dəstək iki formada göstərilə bilər: birbaşa və dolayı subsidiyalaşma.
Birbaşa subsidiyalaşma — dövlət büdcəsindən vətəndaşlara və ya təsərrüfat subyektlərinə proqramların icrası üçün ayrılan birbaşa maliyyə vəsaitidir. Bu, açıq şəkildə verilən dəstək mexanizmidir.
Dolayı subsidiyalaşma isə sahibkarların vergi yükündən qismən azad edilməsi, güzəştlərin tətbiqi, xüsusi stimullaşdırıcı mexanizmlərin yaradılması yolu ilə həyata keçirilir. Bu zaman dövlət sahibkarın əldə edəcəyi gəliri ondan almaq əvəzinə, həmin gəlirin onun özündə qalmasına şərait yaradır. Lakin biz görürük ki, Azərbaycanda birbaşa və dolayı subsidiyalar mövcud olsa da, kənd təsərrüfatı yetərincə inkişaf etmir. Bunun əsas səbəbi maliyyə yükü deyil, daha çox idarəetmə problemləri ilə bağlıdır".
Rəsmi statistikaya görə məşğul əhalinin təxminən 38 faizinin kənd təsərrüfatı sahəsində çalışdığını deyən M.Talıblı vurğulayıb ki, bu rəqəm real vəziyyəti əks etdirmir:
"Məsələn, bir vətəndaş Şəmkirdə qeydiyyatda ola bilər, lakin faktiki olaraq Rusiyada ticarətlə məşğul ola bilər. Buna baxmayaraq, o, Azərbaycan Statistik Komitəsində kənd təsərrüfatında məşğul şəxs kimi qeydiyyata düşür. Əslində isə həmin şəxs iqtisadi fəaliyyətini başqa ölkədə həyata keçirir".