Statistik göstəricilərə əsasən, ötən il Azərbaycan Rusiyaya cəmi 1,2 milyard dollarlıq məhsul ixrac edib, əvəzində isə 3,6 milyard dollarlıq məhsul idxal edib. Nəticədə Azərbaycan üçün 2,4 milyard dollarlıq mənfi saldo yaranıb. Bu o deməkdir ki, Rusiya bu münasibətlərdən 2,4 milyard dollarlıq müsbət saldo əldə edib.
Yurd.Media xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov son zamanlar Rusiyanın müxtəlif dairələrində ölkələr arasındakı gərginliyin Azərbaycanın iqtisadi durumuna, xüsusilə də ticarət dövriyyəsinə mənfi təsir edəcəyi iddialarına cavab verərkən bildirib.
"2025-ci ilin ilk 6 ayının göstəriciləri də vəziyyətin dəyişmədiyini təsdiqləyir. Azərbaycanın Rusiyaya ixracı cəmi 6,1% artaraq 590 milyon dollara çatdığı halda, Rusiyadan idxalımız təxminən 20% artıb və artıq 2 milyard dollara yaxınlaşıb. Əmirov qeyd edir ki, hər hesabat dövründə mənzərə eynidir - Azərbaycanla ticarət dövriyyəsindən daha çox qazanan tərəf daim Rusiya olur", - ekspert bildirib.
Ekspert ABŞ-ın keçmiş prezidenti Donald Trampın ticarət siyasətini misal gətirərək bildirir: \
"Niyə Donald Trump ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə sevgi göstərir, mənfi saldosu olan ölkələrə tarif tətbiq edir? Çünki, o bilir ki, müsbət ticarət saldosu olan ölkələr "çörək verən" ölkədir. Bəli, Azərbaycan Rusiya üçün "çörək verən" ölkədir. Yəni ümumi ticarətin 80%-i Rusiyanın xeyrinə işləyir".
Əmirov hesab edir ki, zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac vardır. O vurğulayır ki, bu asan proses olmasa da, alternativ bazarların və yeni istiqamətlərin təhlili, yeni mexanizmlərin tətbiqi, pilot ixrac layihələrin icrası mümkündür.
"Bu yolla Azərbaycan özünü daha dayanıqlı və müstəqil iqtisadi modelə aparacaq. Onsuz da əsl inkişaf və tərəqqi problem və çətinlikdən doğur. Bundan qorxmaq lazım deyil", - deyə iqtisadçı ekspert bildirib.