Azərbaycanda istehlak qiymətləri indeksinin (inflyasiya) BMT-nin Statistika Bölməsinin yaratdığı və əksər ölkələrin istifadə etdiyi “fərdi istehlak xərclərinin məqsədinə görə təsnifatı" (COICOP- Classification of Individual Consumption by Purpose) modelinə uyğun hesablanması və açıqlanması məqsədəuyğundur.
Yurd.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
“COICOP sistemi ev təsərrüfatlarının büdcə müayinəsi və milli hesablar sisteminin tərtibi ilə yanaşı istehlak qiymətləri indeksinin ölçülməsində də istifadə edilir. Əslində Azərbaycan statistika orqanının hazırladığı metodoloji sənədlərdə də göstərilir ki, bu sistem Azərbaycanda da tətbiq edilir. Amma, məsələn, uzağa getmədən deyim ki, region ölkələrindən (Türkiyə, Gürcüstan və Ermənistan) fərqli olaraq Azərbaycanda inflyasiya rəqəmləri bu təsnifata uyğun açıqlanmır".
O bildirib ki, DSK inflyasiyanı 3 əsas başlıq üzrə açıqlayır:
1. qida malları, içkilər və tütün məmulatları
2. qeyri-qida malları
3. ödənişli xidmətlər
COICOP isə inflyasiyanı 12 başlıq üzrə açıqlamağı təklif edir və bunlar aşağıdakılardır:
1. Qida və alkoqolsuz içkilər
2. Alkoqollu içkilər və tütün
3. Geyim və ayaqqabı
4. Mənzil, su, elektrik, qaz və digər yanacaq növləri
5. Ev əşyaları və məişət xidməti
6. Səhiyyə
7. Nəqliyyat
8. Rabitə
9. İstirahət və mədəniyyət
10. Təhsil
11. Restoran və mehmanxana xidmətləri
12. Digər mallar və xidmətlər
iqtisadçı-ekspert Rövşən Ağayevİnflyasiyanın hesablanmasının və ictimaiyyət üçün açıqlanmasının COICOP-a uyğun aparılması niyə lazımdır?
Əvvəla, ölkələr arasında müqayisə edilə bilən inflyasiya statistika yaratmaq üçün.
İkincisi, inflyasiyanın struktur analizi imkanlarını gücləndirmək üçün. Hazırkı 3 başlıqlı ölçmə və məlumatlandırma sistemi inflyasiyanın hardan gəldiyini görməyə imkan vermir. Məsələn, Tarif Şurası nəqliyyatda gediş haqlarını, kommunal xidmətləri və yaxud yanacağı bahalandırır, amma onların inflyasiyaya təsirini görmək olmur. Amma COICOP-a uyğun açıqlama bu imkanı yaradır - hər kəs inflyasiyanın hardan gəldiyini dəqiq görə bilir.
Bundan əlavə, inflyasinın hesablanmasında şəffaflığı təmin etmək üçün mal və xidmətlər səbəti üçün istifadə olunan çəkilər cəmiyyət üçün açıq olmalıdır. Bu məlumat inflyasiya göstərriclərinin ictimai etibarlılığı baxımından çox önəmlidir. Yenə də uzağa getmədən deyim ki, Türkiyə və Gürcüstandan bu məlumat tamamilə açıq və hər kəs üçün əlçatandır. Bu status mandatı qiymət sabitliyi olan və alternativ inflyasiyasi ölşümü ilə məşğul olan Azərbaycan Mərkəzi Bankına da aiddir”, - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu həftə imzaladığı sərəncamlarla Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, Azər Mursaqulov isə Dövlət Statistika Komitəsinin sədri təyin edilib.