Azərbaycanda 4 ildir ki, İcbari Tibbi Sığorta Fondunun (İTSA) büdcəsi təsdiqlənsə də, onun icrasına dair təfsilatlı hesabat açıqlanmır.
Yued.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
“Məsələn, bu hesabatda büdcə xərclərinin iqtisadi strukturu (dərman, əmək haqqı və bonus, avadanlıq alınması, təmir və s.), bu xərclərin rayonlar üzrə bölgüsü barədə detallı məlumatlar verilə bilər. Hər rayondan nə qədər insan il ərzində icbari tibbi sığorta xidmətləri alıb, əsas xidmətlər üzrə istifadəçilərin sayı neçə olub? Effektiv səhiyyə, eləcə də icbari tibbi sığorta sistemi qurmağın 3 mühüm şərti varsa, onun biri də şəffaflıq və hesabatlılıqdır”, - deyə o qeyd edib.

Bu il İTSF-nin büdcə xərclərinin 2 621,5 milyon manat (ötən illə müqayisədə 10,9% az) olması proqnozlaşdırılır. Xərclərin 1 976 milyon manatının Fondun gəlirlərinin (23,2% az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5% çox) hesabına qarşılanması nəzərdə tutulur.
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5% azdır.