SÜJET
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi indiyə qədər "Gəncə Cihazqayırma Zavodu" ASC-nin istehsal etdiyi 500 minə yaxın qaz sayğacı və 300-ə yaxın ölçü qovşağı alıb və tətbiq edib.
Yurd.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, artıq Bakı və Abeşon daxil olmaqla, Azərbaycanın istənilən regionunda bu sayğaclar tətbiq olunur:
"Onlar beynəlxalq standartlara uyğun istehsal olunur. Tələbatın artması nəzərə alınaraq, "Gəncə Cihazqayırma Zavodu"nun istehsal gücünü artırması gündəmdədir".
E.Vəliyev qeyd edib ki, tətbiq etdilən qaz sayğaclarında ciddi bir problem yaşanmayıb:
"Təbii ki, kiçik istisnalar hər zaman mövcuddur. Biz “Azəriqaz” "Gəncə Cihazqayırma Zavodu"nun istehsal etdiyi məhsullarla hələ ki, ciddi bir problem yaşamamışıq. Ümid edirik ki, bundan sonra da problem yaşamayacağıq. Bundan sonrakı addımlarımız da zavodun məhsullarının istehsalına rəvac verəcək”, - o qeyd edib.
"Azəriqaz" rəsmisi deyib ki, Azərbaycanda bu prosesin reallaşması daha tez və maliyyə baxımından daha uyğundür:
"Dövlət başçısı daim yerli sahibkarlığın stimullaşdırılması ilə bağlı dövlət qurumlarına göstərişlər verir. “Azəriqaz” da bunu nəzrə alaraq, məhz "Gəncə Cihazqayırma Zavodu" ilə əməkdaşlıq edir. Bunun üstünlükləri də var. Xaricdən idxal olunan cihazlarla bağlı hansısa problem yarananda onların təmirini həyata keçirə bilmirdik. Burada logistika çox böyük önəm daşıır.
Təbii ki, belə sayğacların istehsalçı ölkəyə qaytarılması, təmiri və yenidən istismara buraxılması böyük prosesdir, maliyyə imkanlarına bağlı məsələdir. Bu baxımdan "Gəncə Cihazqayırma Zavodu" ilə problem yaşanmır. Bu, eyni zamanda ölkədən xarici valyutanın çıxmasının qarşısını alır. Bu baxımdan da güman edirik ki, “Azəriqaz”ın "Gəncə Cihazqayırma Zavodu" ilə əməkdaşlığı çox böyük avantajdır. Eyni zamanda zavodda xeyli sayda insan çalışır ki, bu da işsizlik probleminin aradan qaldırılmasında prioritet hesab olunur”, - deyə o əlavə edib.