Sabirabadda kanalın Baş Şirvan Kollektoruna tökülən hissəsinin təmirə ehtiyacı yaranıb

Sabirabadda kanalın Baş Şirvan Kollektoruna tökülən hissəsinin təmirə ehtiyacı yaranıb

Sabirabad

Sabirabad rayonu ərazisində K-2 nasos stansiyasının suaparıcı kanalının Baş Şirvan Kollektoruna tökülən hissəsində sukeçirən əsaslı təmir olunacaq.

"Yurd.media"nın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti bununla bağlı hazırlıqlara başlayıb.

Rayonun Quruzma kəndi ərazisindən keçən K-2 kollektorunda mütəmadi olaraq təmirə ehtiyaclar yaranır.

Qeyd edək ki, Baş Şirvan Kollektoru 1964-cı ildə istismara verilib. Şirvan düzünün Ağdaş rayonu ərazisindən başlayır və Kür çayının sol sahili boyunca suvarılan ərazilərin drenaj sularını Xəzər dənizinə tökür. Uzunluğu 216 km-dir. Suburaxma qabiliyyəti 44 m³/san, orta su sərfiyyatı 18 m³/san təşkil edir.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi respublikanın yeddi rayonunda Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor-drenaj şəbəkəsinə xidmət edir.

Həmin rayonlarda ümumilikdə 253000 hektar torpaq sahəsinə 2399 kilometr kollektor-drenaj şəbəkəsi vasitəsilə xidmət edir. Bu şəbəkədən 843 kilometri təsərrüfatlararası, 1556 kilometri təsərrüfat daxili kollektor, o cümlədən 775 kilometri açıq, 781 kilometri isə qapalı şəbəkədir. İdarənin balansında 2898 ədəd qurğular mövcuddur ki, həmin qurğulardan 932 ədədi körpü keçid, 3 ədədi hidrometrik postlardır.