SÜJET
Yay mövsümünün yaxınlaşması ilə Bakıda ictimai nəqliyyatda kondisioner problemi yenidən gündəmə gəlib. Hər il olduğu kimi, bu il də havaların isinməsi ilə birlikdə avtobuslarda sərinləndirmə sistemlərinin işləməməsi sərnişinlərin ciddi narazılığına səbəb olub.
Nəqliyyat üzrə ekspert Adil Nəbiyev Yurd.Media-ya bildirir ki, məsələ təkcə texniki deyil, həm də təşkilati səbəblərlə bağlıdır:
"Bəzən kondisionerlər işlək vəziyyətdə olsa belə, sərnişinlərin müxtəlif istəkləri səbəbilə qoşulmur. Kimsə "yandır", digəri isə "söndür" deyir. Belə hallarda sürücülər çətin vəziyyətdə qalır".
Ekspert bildirir ki, bu kimi hallar təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunur:
"Mən Rusiyada da ictimai nəqliyyatda işləmişəm. Orada da kondisionerlər yalnız hava çox isti olduqda qoşulur. Əksər hallarda pəncərə açılması kifayət sayılır".
Hazırda ölkədə təxminən 500 minə yaxın nəqliyyat vasitəsi var və onların kondisioner sistemlərinin yoxlanışı müəyyən vaxt və resurs tələb edir. Bu keçid dövrü hər il müəyyən narazılıqlarla müşayiət olunur.
Məsələ ilə bağlı Nəqliyyat Agentliyi (AYNA) bildirir ki, hər il yay mövsümündən əvvəl sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi şəkildə xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin hava şəraitinə uyğun şəkildə işə salınması tapşırılır.
BakuBus MMC isə məlumat verir ki, onların istismarında olan bütün avtobuslarda iyunun 15-dən etibarən kondisioner sistemləri aktivləşdiriləcək. Şirkət bildirir ki, əgər temperatur normadan artıq yüksələrsə, sərnişin rahatlığını təmin etmək üçün bu tarixdən əvvəl də sistemlər işə salına bilər.
Sərnişinlərin əsas şikayəti isə iyunun 15-nə qədərki müddətdə kondisionerlərin işləməməsi, avtobuslarda nəfəs almağın çətinləşməsi və sıxlıq səbəbilə vəziyyətin daha dözülməz hal almasıdır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan daha çevik və hava şəraitinə uyğun şəkildə tədbir görmələrini gözləyir.