UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah" və İtaliyanın "Napoli" komandaları arasındakı VII tur matçının tarixi dəyişdirlə bilər.
Yurd.Media "Sportify.az"a istinadən xəbər verir ki, səbəb həmin oyunun təyin edildiyi vaxtın - 20 yanvar 2027-ci il tarixinin Ümumxalq Hüzn Gününə düşməsidir.
Daha əvvəl Azərbaycan tərəfinin istəyi ilə Formula 1 təqvimində dəyişiklik edilib. Bu il Azərbaycan Qran Prisinin həlledici mərhələsi 27 sentyabrdan 26 sentyabra keçirilib. Bu, 27 sentyabrda ölkədə Anım Gününün qeyd ediləcəyi ilə əlaqədar olub. Formula 1 rəhbərliyi müvafiq xahişi anlayışla qarşılayaraq, təqvimdə dəyişiklik edib.
Ona görə də "Sabah" - "Napoli" görüşünün gələn il yanvarın 20-də deyil, digər oyun günü olan yanvarın 19-da keçiriləcəyi ehtimal olunur.