Quba şəhərində Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə “Üçüncü Ulduz Cup” beynəlxalq futbol turniri keçirilir.
Yurd.Media-nın Qubaya ezam olunmuş müxbiri xəbər verir ki, Turnirdə 2015-ci il təvəllüdlü futbolçulardan ibarət 12 komanda mübarizə aparır. Onlardan 5-i Azərbaycanı, 7-si isə xarici ölkələri təmsil edir. Xarici iştirakçılar arasında Qazaxıstan və Özbəkistanın komandaları da yer alır.
“Ulduz Futbol Akademiyası”nın direktoru Mehman Əlimov bildirib ki, turnir artıq üçüncü dəfədir təşkil olunur.

Onun sözlərinə görə, ilk “Ulduz Cup” turnirində 7 komanda iştirak edib. İkinci turnirdə isə 4 yerli və 8 xarici komanda olmaqla, ümumilikdə 12 komanda mübarizə aparıb. Bu il keçirilən üçüncü turnirdə də 5 yerli - "Neftçi", "Sabah", "Zirə", "Ulduz", "Qarabağ" və 7 xarici komanda iştirak edir.
Mehman Əlimov qeyd edib ki, turnirin əsas məqsədlərindən biri uşaqlar arasında futbola və idmana marağı artırmaq, onların peşəkar inkişafına dəstək olmaqdır. Eyni zamanda, beynəlxalq turnirlər müxtəlif ölkələrdən olan gənc futbolçuların bir araya gəlməsinə və ölkələr arasında idman əlaqələrinin daha da möhkəmlənməsinə imkan yaradır.
Akademiya direktoru vurğulayıb ki, belə yarışların keçirilməsi uşaqların həm idman bacarıqlarının, həm də komanda ruhunun inkişafında mühüm rol oynayır.
Turnirin ilk günündə “Ulduz” FA “Bunyodkor”u (Özbəkistan) 3:0 hesabı ilə üstələyib. “Qarabağ” isə “Altın Taç” FK-nı (Türkmənistan) 4:1 hesabı ilə məğlub edib. “Zirə” FK “Drukarz” KS (Polşa) ilə 1:1 hesablı heç-heçə edib. “Sabah” “Paxtakor”a (Özbəkistan) 0:2 hesabı ilə uduzub. “Neftçi” – “Dinamo Tbilisi” (Gürcüstan) qarşılaşması 0:4 hesabı ilə başa çatıb. “Sduşorsi” (Qırğızıstan) “Kayrat”a (Qazaxıstan) 0:4 hesabı ilə məğlub olub.
Avqustun 27-dək davam edəcək turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır.
Qeyd edək ki, turnirin bütün oyunları Gənclər və İdman Nazirliyinin “Youtube” kanalında canlı yayımlanır.
FOTO: Sadıq Əliverdibəyli