Sosial həssas qrupların cəmiyyətə inteqrasiyasında valideynlərin rolu böyükdür. Övladlarını müxtəlif fəaliyyət sahələrinə yönləndirən valideynlər onların həm psixoloji, həm də fiziki inkişafına mühüm töhfə verirlər. Bu istiqamətlərdən biri də idmandır.
Azərbaycanın güclü paralimpiya milli komandası mövcuddur və bu komandaya üzv idmançılar dünya miqyasında böyük uğurlar qazanırlar. Üzgüçülük üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi, milli yığmanın məşqçisi Rəşad Əliyev Yurd.Media-ya müsahibəsində idmanın sosial həssas qruplara faydalarından bəhs edib:
“Həssas qruplara aid uşaqların idmanla məşğul olması çox faydalıdır. Xüsusən də üzgüçülük həm sağlamlıq baxımından çox yararlıdır, həm də təhlükəsiz idman növüdür. 2019-cu ildən paralimpiya milli komandasında məşqçi kimi çalışıram. Vəli İsrafilov – paralimpiya oyunlarının çempionu və milli yığmanın üzvləri Ramil Vəlizadə, Əbdülrəhman Rüstəmov, Timur Bəkler və digər idmançıların məşqçisiyəm”.
Məşqçi qeyd edir ki, xüsusilə görmə məhdudiyyəti olan idmançılarla işləmək xüsusi yanaşma tələb edir:
“Vəli İsrafilov bizim böyük fəxrimizdir. O, S12–S13 kateqoriyasında çıxış edir. Suda üzərkən zolaqları, finiş xəttini və saniyə göstəricilərini tam görə bilmir. Bu isə yarışlarda əlavə çətinlik yaradır. Amma zamanla bir-birimizi başa düşməyə öyrəşmişik. Bu işdə səbr və xüsusi yanaşma çox vacibdir”.
Rəşad Əliyev həmçinin Vəli İsrafilovun idman yolundan da danışıb. Onun sözlərinə görə, İsrafilov 9 yaşından üzgüçülüklə məşğul olmağa başlayıb və əvvəlcə sağlamlıq məqsədilə bu idmana yönləndirilib. Zamanla nəticələri yaxşılaşıb, milli komandaya qəbul olunub və beynəlxalq yarışlarda iştirak edib, 2019-cu ildə Portuqaliyada beynəlxalq tibbi komissiyanın təsdiqindən sonra paralimpiya yarışlarına qatılmaq hüququ qazanıb. Həmin il ilk dəfə dünya çempionatında iştirak edərək bürünc medal qazanıb. Daha sonra Avropa çempionatlarına və 2021-ci ildə keçirilən Tokio Yay Paralimpiya Oyunlarına hazırlaşıb. Tokio yarışlarında qızıl medal qazanaraq Azərbaycan üçün böyük uğura imza atıb.
Məşqçi sosial həssas qruplardan olan uşaqların idmana cəlb olunmasının vacibliyini vurğulayıb:
“Valideynlər bəzən utanır, tərəddüd edirlər ki, birdən uşaqları qəbul edilməz və ya başqaları onlara fərqli baxar. Mən hər zaman deyirəm: çəkinməyin, utanmayın. Bu uşaqlar da sağlam həmyaşıdları kimi məşq edə və uğur qazana bilərlər. Əsas məsələ onların sosial həyata inteqrasiyası və özlərinə inamlarının artırılmasıdır. Azərbaycan milli komandasında 15-dən çox paraidman növü üzrə idmançılar fəaliyyət göstərir. Hər valideyn övladını idmana yönləndirsə, həm sağlamlıq, həm də sosial baxımdan böyük nəticələr əldə etmək olar”.
Rəşad Əliyev əlavə edib ki, bu sahədə həm dövlətin, həm də ictimaiyyətin dəstəyi mühümdür. O, valideynləri övladlarının inkişafı üçün idmandan çəkindirməməyə çağırıb.
Qeyd edək ki, ADU İdman Sarayında fiziki məhdudiyyətli şəxslərin rahat məşq etməsi üçün bütün şərait yaradılıb.
Foto: Sadıq Əliverdibəyli