Kürdəmir stadionu bərbad halda - quşlar və heyvanlar meydançada hakimlik edir

Kürdəmir stadionu bərbad halda - quşlar və heyvanlar meydançada hakimlik edir

Kürdəmir

Kürdəmir stadionu baxımsızlıqdan bərbad hala düşüb.

Yurd.media xəbər verir ki, vaxtilə futbolçuların və azarkeşlərin toplaşdığı stadionda oturacaqlar dağılıb, meydançaya isə quşlar, dovşanlar və digər heyvanlar hakimlik edir.

Futbolçu Amil Səfərov “İctimai TV”yə açıqlamasında bildirib ki, hazırda ətrafda təkcə Kürdəmir İdman Kompleksi fəaliyyət göstərir və orada futbol oynamaq ödənişlədir - 1 saatı 20-25 manat. Futbolsuz qalmamaq üçün onlar məcburən həmin kompleksə üz tuturlar.

Rayon futbolçularından Qurban Həsənov isə stadionun əvvəllər yaxşı vəziyyətdə olduğunu xatırladır:

“Əvvəllər burada paltar dəyişmə otaqları, oturacaqlar və ümumi şərait kifayət qədər yaxşı idi. Futbol çempionatları zamanı stadion azarkeşlərlə dolu olurdu”.

Uzun illər stadionun rəhbəri olmuş və hazırda uşaq futbol komandasının məşqçisi kimi fəaliyyət göstərən Əfrayıl Həşimov isə qeyd edir ki, bir zamanlar stadionda qızlardan ibarət futbol komandası da fəaliyyət göstərib və yarışlar keçirilib. Lakin indi meydança günün tələblərinə cavab vermədiyi üçün uşaqlar belə orada oynaya bilmir.

Qeyd edək ki, 1970-ci illərdə tikilərək istifadəyə verilmiş Kürdəmir şəhər stadionu 2000 tamaşaçı tutumuna malik olub.