Belçikalı FIFA referisi Frank De Blekerenin AFFA-dakı fəaliyyəti başa çatıb.
AFFA mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, 2024-cü ilin iyulunda AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində töhfə verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrə verib.
2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsinin bunun ən bariz nümunələrindən biri olduğu qeyd edilib. Bu nailiyyətin ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda mütəxəssisin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsi olduğu vurğulanıb.
Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.