Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda vurduğu qolla tarixi rekorda imza atıb.
Yurd.Media Trend-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdıraraq, komandanın ən məhsuldar futbolçusu olub.
Mahmudov bununla da sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illərdə millidə keçirdiyi 68 oyunda 14 qol vurmuşdu. Onun sonuncu qolu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) qeydə alınmışdı.
Emin Mahmudov isə 2016-cı ildən çıxış etdiyi Azərbaycan millisində 56-cı oyununda 15-ci qoluna imza atıb.