SÜJET
Azərbaycan klublarının futbolçulara maaş və mükafatlar üzrə xərcləri açıqlanıb.
Yurd.Media xəbər verir ki, uzun illər futbol sahəsində fəaliyyət göstərmiş Elnur Eyvazov Azərbaycan Premyer Liqasında bəzi komandaların qazandığı hər xalın klublara neçəyə başa gəldiyini araşdırıb.
• "Neftçi" futbolçulara 20,2 milyon manat xərcləyib, 37 xal toplayıb və turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.
Hər xalın qiyməti təxminən 548 min manat təşkil edir.
• "Araz-Naxçıvan" isə futbolçulara cəmi 3,7 milyon manat sərf edib və 55 xal toplayaraq 3-cü yerdədir.
Hər xal onlara sadəcə 67 min manata başa gəlib.
• Artıq vaxtından əvvəl çempionluğunu təmin edən "Qarabağ", "Neftçi" ilə eyni miqdarda — təxminən 20 milyon manat xərcləyib, amma 80 xal toplayıb.
Hər xalın dəyəri burada 258 min manat olub.
Müqayisə üçün bildirək ki, "Neftçi", son çempionluğunu qazandığı 2021-ci ildə, cəmi 3,5 milyon manat maaş büdcəsi ilə 59 xal toplamışdı.
Hər xalın qiyməti o vaxt yalnız 59 min manat idi.
Bu göstəricilər təqvim ili üzrədir, xallar isə futbol mövsümü ilə hesablanır. Lakin təqvim və mövsüm xərcləri arasında fərq o qədər də böyük deyil — rəqəmlər bir-birinə yaxındır.
Mövsümün sonuna cəmi 2 tur qalıb və bu göstəricilərin əhəmiyyətli dərəcədə dəyişməsi çətin görünür.