Azərbaycan futbol sahəsində inkişaf edə bilmir. Özbəkistan və Gürcüstan futbol sahəsində inkişaf edib, amma Azərbaycan inkişaf etməyib.
Bunu futbol üzrə Azərbaycan milli yığmasının kapitanı olmuş Tərlan Əhmədov Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında "Yurddaş" verilişində müsahibəsində səsləndirib.
O qeyd edib ki, Gürcüstanda sistem tamamilə fərqlidir, onların məqsədi millini yetişdirib, yaxşı səviyyədə saxlamaqdır:
"Özbəkistanda sistem isə daha da fərqlidir. Özbəkistanın İspaniya ilə qurduğu əlaqələr futbolun inkişafında çox böyük rol oynadı. İspaniyadan gələn mütəxəssislər 5 il müddətinə Özbəkistan futbolunun inkişaf etməli olduğunu bildiriblər. Özbək mütəxəssisləri İspaniyada kurslardan keçdilər, beləliklə peşəkara çevrildilər. Təməl yerli mütəxəssislər tərəfindən qoyuldu, beləliklə çox böyük inkişaf yarandı. Xarici proqramlar üzərində yerli mütəxəssislər yetişdirilir. Çünki heç vaxt əcnəbilər ölkənin özünün yanaşmasını bilə bilməz. Nəticə etibarilə, Özbəkistan futbol sahəsində xeyli inkişaf etdi və irəlidədir. Ona görə də artıq dünya çempionatına vəsiqə qazandılar. Çünki yerli mütəxəssislərin savadı var. Onlar mütəmadi olaraq, xaricə çıxış əldə edib kurslardan keçiblər".
Veteran qeyd edir ki, Gürcüstanın özünün futbol məktəbi var:
"Biz onlara heç vaxt çatmamışıq. Onların yanaşması fərqlidir, futbola qazanc kimi baxmırlar, onlar futbolçuları yetişdirib, milli komandanın inkişafına töhfə verməyi üstün tuturlar. Biz isə klublara əcnəbi mütəxəssilər gətirib, onları da öz mentalitetimizə uyğunlaşdırırıq. Nə inkişaf, nə də yetişən var".