Bakıda avtomobilin qırıq xətt olan hissədən avtobus zolağına daxil olmasına görə sürücü cərimələnib.
Yurd.Media xəbər verir ki, sürücü "8 Noyabr" prospektində "Blue Mall" ticarət obyektinin yerləşdiyi binanın qarşısına dönmək yeganə doğru addım avtobus zolağının qırıq xəttindən keçmək olduğunu və həmin üsulla da hərəkət etdiyini bildirir. Lakin bu manevr Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin kameraları tərəfindən qaydalara zidd hesab edilərək sürücüyə 100 manat məbləğində cərimə yazılıb.
Qeyd edək ki, Yol Hərəkəti Qaydalarının 18-ci maddəsinə əsasən, nəqliyyat vasitələri yalnız bütöv xətlə ayrılmış avtobus zolaqlarına daxil ola bilməzlər. Qırıq xətlə ayrılmış zolaqlar isə sürücülərə döngə etmək, dayanacağa yaxınlaşmaq və ya yola qoşulmaq üçün istifadə edilə bilər.