SÜJET
"20 may saat 12 radələrində "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayırıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib".
Yurd.Media xəbər verir ki, bu barədə "Azərikimya" İB-nin Etilen-polietilen zavodundan Oxu.Az-a verilən məlumatda deyilir.
Qeyd olunur ki, hadisə nəticəsində beş nəfər xəsarət alıb, iki nəfərə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəsarət alan üç şəxs xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi araşdırılır.
*** 14:00
Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən Yurd.Media-ya bildirilib ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib."Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", məlumatda deyilir.
***13:13
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.
Yurd.Media “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.