Qubada avtomobil körpüsündə qəzalı vəziyyət yaranıb

Qubada avtomobil körpüsündə qəzalı vəziyyət yaranıb

Quba

Quba-İspik-Xınalıq yolunun 48-ci kilometrliyində yerləşən avtomobil körpüsündə qəzalı vəziyyət yaranıb.

Yurd.Media "İctimai TV"yə istinadən xəbər verir ki, yaz mövsümündə Qudyalçayın səviyyəsinin yüksəlməsi nəticəsində körpünün istinad divarının bir hissəsi uçaraq çaya tökülüb, digər hissəsində isə çatlar əmələ gəlib. Sakinlər körpüdən keçən zaman ciddi təhlükə hiss etdiklərini bildirirlər. Hazırda körpüdə çökmə prosesi davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri əraziyə baxış keçirib və təhlükəsizlik məqsədilə müəyyən məhdudiyyətlər tətbiq olunub. 5 saylı Quba Yol İstismarı İdarəsinin iş icraçısı Bilal Sultanovun sözlərinə görə, körpüdən ağırtonnajlı yük avtomobillərinin hərəkəti tam, digər nəqliyyat vasitələrinin hərəkəti isə qismən məhdudlaşdırılıb.

Hazırda körpünün nə zaman təmir ediləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Təmir-bərpa işləri aparılanadək sürücülərə alternativ olaraq Quba-Susay-Xınalıq yolundan istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, sözügedən körpü 19 il əvvəl inşa edilib. Onun uzunluğu 12 metr, eni isə 7.6 metrdir.