Lerik sakinləri kəndi tərk edir - SƏBƏB

Lerik sakinləri kəndi tərk edir - SƏBƏB

Lerik

Lerik rayonunun ucqar dağ kəndlərindən biri olan Zeynəko kəndi demək olar ki, tamamilə boşalıb.

Yurd.Media xəbər verir ki, təbiətin möhtəşəm gözəlliyi ilə seçilən kənd zamanla tərk edilmiş yaşayış məntəqəsinə çevrilməkdədir. Hazırda bu kənddə cəmi 4-5 evdə yaşayış var. Digər evlərin əksəriyyəti isə ya qıfıllanıb, ya da tamamilə xarabalığa çevrilib.

Sakinlərin kəndi tərk etməsinin əsas səbəbi yol infrastrukturunun bərbad vəziyyətdə olmasıdır. Kəndə gedən yol o qədər çətindir ki, təxminən 6 kilometrlik məsafəni qət etmək bir saat vaxt aparır. Yol relyefinin mürəkkəbliyi və baxımsızlıq səbəbindən kəndə getmək olduqca müşküldür.

İnternet resurslarında olan məlumata görə kənddə sonuncu dəfə 2009-cu ildə rəsmi qeydiyyata alınan 165 nəfər sakin olub. Hazırda isə kənddə yaşayış demək olar ki, yoxdur.

Ərazidə nə qaz xətti, nə də digər zəruri kommunal xidmətlər mövcuddur. Məktəb belə kənddə yerləşmir – şagirdlər qonşu kəndə getməyə məcburdur. Tibbi xidmət göstərən hər hansı müəssisə də yoxdur. Bu şəraitsizlik sakinləri doğma yurdlarını tərk etməyə vadar edir.

Rayon İcra Hakimiyyətindən "Baku TV" nin sorğusuna cavab olaraq bildirilib ki, bu taleyi yalnız Zeynəko kəndi yaşamır. Lerikin bir neçə digər kəndində də oxşar vəziyyət hökm sürür. Qurumun məlumatına görə, rayonun 101 kəndində mavi yanacaq təminatı yoxdur.