Bakıda gözəllik salonlarından və mağazalardan oğurluq etməkdə təqsirli bilinən 30 yaşlı qadın həbs edilib. O, ötən il də oğurluğa görə hakim qarşısına çıxarılmışdı.
Yurd.Media Musavat.com-a istinadən xəbər verir ki, bir uşaq anası olan Nəsibə (ad şərtidir) 2024-cü ildə də oğurluğa görə saxlanılmış, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi. Lakin cəzası başa çatmamış təkrar oğurluq əməlləri törədib.
Nəsibə "Əfsanə" və "Ayla" gözəllik salonlarından, "Antep Lahmacun" restoranından, "BH" və "LC Waikiki" geyim mağazalarından oğurluqlar edib.
Salonlara və mağazalara müştəri kimi gedən Nəsibə oğurluq hadisələrini törədərkən gözünə qara eynək taxıb, əyninə boz rəngli gödəkcə geyinib. Saçlarını da sifətinə dağıdıb ki, müşahidə kamerasına düşəndə tanınmasın.
Nəsibə daxil olduğu mağazalardan müştərilərə və satıcılara məxsus çantaları oğurlayıb. Nağd pulları xərcləyib, mobil telefonları satıb. Çantalarda olan kosmetik məhsulları da özü istifadə edib.
Əməllərini maddi ehtiyaca görə törətdiyini deyən Nəsibə peşman olduğunu, vurduğu zərəri ödədiyini deyib.