Bakıda məktəbdə insidentdə iştirak etmiş üç sinif yoldaşı nəzarətə götürülüb.
Yurd.Media xəbər verir ki, bunu 271 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim- tərbiyə işləri üzrə direktor müavini Azər Yusifov iki şagird arasında baş vermiş insidentlə bağlı bildirib.
Onun sözlərinə görə, hər iki uşağın valideynləri məktəbə çağırılıb: "Hüquq- mühafizə orqanlarının əməkdaşları ötən gün onlarla müəyyən söhbətlər aparıb".
Azər Yusifov qeyd edib ki, hadisə tənəffüs vaxtı olub və 9-cu sinif şagirdi öz sinif yoldaşını sanitar qovşağına aparıb: "Orada da şagirdlər arasında mübahisə münaqişəyə çevrilib. Bundan heç kimin xəbəri olmayıb. Əlbəttə, dərs prosesində olsaydı icazə alıb çıxardılar. Çəkilişi aparan şagirddə onların sinif yoldaşı olub. Ona görə üç sinif yoldaşı da nəzarətə götürülüb. Əvvəllər məktəbimizdə belə hal qeydə alınmayıb".
Qeyd edək ki, sosial mediada sözügedən məktəbdə şagirdin digər məktəblini döyməsi ilə bağlı görüntülər yayılıb.// Teleqraf