SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakının Nizami küçəsində anbardakı şiddətli yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Bakının Nizami küçəsində anbardakı şiddətli yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB

  • 21 aprel 2025, 14:14
Bakı

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.

Yurd.Media xəbər verir ki, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360 kv.m sahədə yanıb.

Yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

***

"Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən elektron mallar anbarı və qida istehsalı sexində yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə saat 10:51-də çağırış daxil olub".

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev deyib.

O bildirib ki, dərhal yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də, Xüsusi Xilasetmə Xidmətinin qüvvələri və Bakı Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.

"Hazırda yanğın məhdudlaşdırılıb, söndürülməsi istiqamətində işlər təşkil olunaraq həyata keçirilir. Binada baş vermiş yanğın zamanı yaxınlıqda olan çoxmənzilli yaşayış binasında insanların təhlükəsizliyini təmin etmək üçün təxliyə işləri həyata keçirilib. Ümumi sahəsi 2 400 kvadratmetr olan obyektin 360 kvadratmetr hissəsi yanıb. Anbarda baş vermiş yanğın zamanı malların, demək olar ki, müəyyən bir hissəsi alova məruz qalıb, amma böyük bir hissəsi mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi araşdırmadan sonra bəlli olacaq", - deyə o bildirib.

***

Paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Yurd.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. "Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülürü", NİİM-dən bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.

Yurd.Media FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

Prime Leasing