Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün əsas addımlar su və torpaq resurslarının səmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi, su itkilərinin azaldılması və torpaq münbitliyinin qorunması ilə bağlıdır.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Aqrobiznesin İnkişafı Forumu - 4: Harmoniyaya gedən yol” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məhsuldarlığı artırmaq üçün quraqlığa, şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi və müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır.
M.Babayev qeyd edib ki, həmçinin aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir:
"Bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir. Bu əməkdaşlıq çərçivəsində yeni texnologiyalar, rəqəmsal həllər tətbiq olunmalı və məhsuldarlıq artırılmalıdır. İqlim dəyişiklikləri ilə mübarizə geniş, əlaqələndirilmiş və uzunmüddətli tədbirlər tələb edir. Kənd təsərrüfatında bu təsirləri azaltmaq üçün fermerləri məlumatlandırmaq və onların istehsal vərdişlərini iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir. Ötən il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə, xüsusilə ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində görülən işlərə yönəlmişdi.
Qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir. COP29-a ev sahibliyi etməklə ölkəmiz enerji, şəhərsalma, maliyyə, kənd təsərrüfatı, insan kapitalının inkişafı və digər sahələri əhatə edən qlobal təşəbbüslərə start verib. Həmin təşəbbüslər iqlim dəyişikliklərinə qarşı inklüziv yanaşmaları özündə birləşdirir”.