Kənd təsərrüfatı insanların əsas ehtiyaclarını təmin edən strateji sahə olmaqla yanaşı, iqlim dəyişikliklərinin təsirinə ən həssas sektorlardan biridir.
Yurd.Media xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, bu gün dünya üzrə su və torpaq resurslarının mövcud istehsal imkanları əhalinin artan ərzaq tələbatını çətinliklə qarşılayır: "FAO-nun məlumatına əsasən, dünya üzrə 1,7 milyard hektar torpaq deqradasiyaya uğrayıb, bunun da 60%-dən çoxu kənd təsərrüfatı üçün istifadə olunur".
M.Babayev qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində artan istilik dalğaları, şiddətli tufanlar və daşqınlar kənd təsərrüfatında məhsuldarlığın azalmasına və ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradır: "Ölkəmizdə də bu təsirlər müşahidə olunmaqdadır – yalnız bu ilin 16 aprel tarixində paytaxt Bakı da daxil olmaqla bir gündə üç aylıq yağıntı norması qədər yağış yağıb və 17 dağ çayında daşqın baş verib".
Muxtar Babayev bildirib ki, son 30 ildə kənd təsərrüfatında baş verən iqlim fəlakətləri təxminən 3.8 trilyon ABŞ dolları dəyərində zərərə səbəb olub. Bu isə hər il orta hesabla 123 milyard ABŞ dolları və ya kənd təsərrüfatı ÜDM-nin 5%-i deməkdir.
O qeyd edib ki, kənd təsərrüfatının davamlı inkişafı üçün tədqiqat, innovasiya və rəqəmsal həllərin tətbiqi, eləcə də su və torpaq resurslarının səmərəli idarə olunması prioritet məsələlərdəndir: "Su itkilərinin azaldılması, şoranlığa və quraqlığa davamlı bitki sortlarının yetişdirilməsi kimi tədbirlər mühüm rol oynayır".
O, həmçinin “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü”nə də toxunub. Bu təşəbbüs FAO və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təqdim olunaraq qadın və gənc fermerlərin imkanlarının genişləndirilməsini, bilik mübadiləsinin gücləndirilməsini və kənd yerlərində dayanıqlı inkişafı hədəfləyir.
Prezidentin nümayəndəsi əlavə edib ki, yeni təsdiqlənmiş “Zərər və İtki Fondu” iqlim dəyişikliklərindən ən çox zərər görən bölgələr və fermer icmaları üçün vacib dəstək mexanizmi olacaq: "Bununla yanaşı, karbon bazarlarına dair razılaşmalar kənd təsərrüfatında emissiyaların azaldılması və yaşıl investisiyaların təşviqinə töhfə verəcək".
Muxtar Babayev çıxışında bildirib ki, dövlət və özəl sektorun əməkdaşlığı ilə həyata keçirilən tədbirlər kənd təsərrüfatının iqlim dəyişikliyinə davamlı inkişafını təmin edəcək və ölkəmizin bu sahədə lider mövqeyini daha da möhkəmləndirəcək.