Bakı şəhərinin Bilgəh qəsəbəsində, “daçniklər” kimi tanınan çimərlik ərazisində sahilə bala suiti cəsədi çıxıb.
Məsələ ilə bağlı Elm və Təhsil nazirliyinin Coğrafiya institutun şöbə müdiri, ekoloq Ənvər Əliyev Yurd.Media-ya bildirib ki, belə hallarda əsas təhlükə heyvan cəsədinin sahildə qalması və çürüməsidir. Onun sözlərinə görə, cəsəd sahildən vaxtında götürülməzsə, çöl itləri və quşlar tərəfindən parçalanaraq müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.
Ekoloq qeyd edib ki, hadisə kütləvi xarakter daşımırsa, ölümün təbii səbəblərlə baş verməsi mümkündür. Lakin buna baxmayaraq, hər bir belə fakt üzrə mütləq şəkildə ekspertiza aparılmalıdır.
Ənvər Əliyev xatırladıb ki, bir neçə il əvvəl payız aylarında Dərbənd sahillərində minlərlə suiti cəsədi aşkarlanmışdı. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, zəlzələ nəticəsində suya qazların qarışması və oksigen səviyyəsinin azalması heyvanların kütləvi şəkildə məhvinə səbəb olub.
Mütəxəssis vurğulayıb ki, sahilə çıxan heyvan cəsədləri mütləq qaydada utilizasiya olunmalı, bu proses isə aidiyyəti qurumlar tərəfindən ekspertizadan sonra dərhal həyata keçirilməlidir.