“FİSH FARM” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol yazılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “FİSH FARM” MMC 43,9 min avro məbləğində vəsaiti bank hesabından xaricə köçürüb, 2 il keçsə də, nə həmin məbləğdə vəsait hesabına alınan malları ölkəyə idxal edilməyib, nə həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub.
İş üzrə izahat verən “FİSH FARM” nümayəndəsi Nuşravan İbrahimov bildirib ki, 2024-cü ildə Türkiyədə fəaliyyət göstərən şirkətlə mal alqı-satqısına dair müqavilə bağlayıblar və həmin müqavilə əsasında sözügedən şirkətə avans ödəişi olaraq pul məbləği köçürülüb:
“Lakin ödəniş edildikdən sonra nə sifariş edilən mallar göndərilib, nə də köçürülmüş pul vəsaiti geri qaytarılıb. Pul məbləğinin göndəridiyi şirkət əsas işlərinin Rusiya ilə əlaqədar olduğunu, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiyada olan bank hesablarının dondurulması səbəbindən maliyyə çətinlikləri ilə üzləşdiklərini, öhdəliklərini yerinə yetirmək imkanın itirdiklərini bildiriblər. Həmin problemin həlli üçün Türkiyəyə getdik. Görüş zamanı qarşı tərəf pul vəsaitinin qaytarılması əvəzinə logistika xidmətinin göstərilməsini təklif etdi. Mən ödəniş təyinatının dəyişdirilməsi üçün banka müraciət etsəm də, müraciət təmin edilmədi”.
Nümayəndənin sözlərinə görə, sonuncu dəfə 2026-cı ilin mart ayında Türkiyədə olub, lakin həmin məsələnin həlli ilə əlaqədar hər hansı nəticə əldə etməyib.
Həmçinin 2026-cı ilin yanvar ayında qarşı tərəf ona məktub təqdim edərək Rusiyada olan müharibə ilə əlaqədar yaranmış iqtisadi çətinliklər nəticəsində iflasa uğradıqlarını bildiriblər.
Mərkəzi Bankın nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edib və bildirib ki, “FİSH FARM” MMC tərəfindən elektron kabinetə onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməyib. Eyni zamanda avans ödənişini həyata keçirmiş bank tərəfindən müvafiq malların ölkəyə idxal olunması, yaxud pul vəsaitinin geri qaytarılmasına dair təkrar məlumat daxil olmayıb.
Məhkəmə sənədlərindən məlum olub ki, “FİSH FARM” MMC tərəfindən bank hesabından 43890.65 avro məbləğində vəsaiti Türkiyədə fəaliyyət göstərən “RAR TRADE İC VE DIS TİC LTD STİ” şirkətinin hesabına köçürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “FİSH FARM” MMC 17,2 min manat cərimə edilib.