"Beauty Time" gözəllik salonunda həyata keçirilən lazer epilyasiyası ilə bağlı bir sıra şikayətlər yayılıb.
Yurd.Media xəbər verir ki, müştərilərin yanıq xəsarəti alması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
"Dodağım sulandı, qızardı, pis vəziyyətə düşdü. Şikayətimi bildirəndə, mənə cavab verilmədi. Salona gedəndə, üstümə şər də atıldı ki, guya dodaq boyasını silməli olduğum deyilib, amma qəbul etməmişəm", - deyə zərərçəkən açıqlamasında söyləyib.
Bildirilib ki, Bakıda bir çox yerlərdə filialları olan məşhur gözəllik mərkəzi hadisədən sonra vətəndaşın şikayəti ilə bağlı heç bir tədbir görməyib.
Bundan əlavə sosial şəbəkə istifadəçiləri həmin salonla bağlı iradlarını bildirərək, bu kimi hadisələrin bir neçə dəfə təkrarlandığını da vurğulayıblar.
Mərkəzdən "Baku TV"-yə bildirilib ki, hazırda müdiriyyətdən heç kim yoxdur və sualları onlar cavablandırmalıdırlar.
Salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva isə suallara cavab verməməyinin səbəbini səhhətində olan problemlə əlaqələndirib.