Yaxın Şərq ölkələrini güclü qum fırtınası bürüyüb. Təbiət hadisəsi İraq, Qətər və Səudiyyə Ərəbistanını əhatə edib.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, ilk qum zərbəsi Bağdada dəyib: İraqın paytaxtı son 2 gündə qalın qum təbəqəsi ilə örtülüb.
İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində isə cəmi bir gün ərzində 802 nəfər xəstəxanalara müraciət edib. 92 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alıblar. Yerli əhaliyə evlərini tərk etməmək tövsiyə olunur. Bu, xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlı insanlar və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər üçün vacibdir.
Fırtına həmçinin Qətərin paytaxtı Doha və Səudiyyə Ərəbistanının Ər-Rass şəhərinə də təsir edib.
Qeyd edək ki, bu, cari ildə baş verən ilk qum fırtınası deyil. 15 aprel tarixində İraqın cənubu güclü qum və küləklə örtülmüşdü — o zaman hava limanları bağlanmış, 3,5 mindən çox insan tibbi yardım almışdı.
Mütəxəssislər xəbərdarlıq edir ki, regionda bu cür hadisələr daha tez-tez baş verəcək. Səbəb isə iqlim dəyişikliyidir, bu da səhraların daha sürətlə şəhərlərə yayılmasına səbəb olur.