SÜJET
Türkiyədə yaşayan azərbaycanlı ailələrin övladları təhsildən kənarda qalmaq təhlükəsi ilə üzləşirlər.
Yurd.Media xəbər verir ki, bir çoxu illər əvvəl qazanc məqsədilə bu ölkəyə köçsə də, sənəd çatışmazlığı səbəbindən övladları təhsil hüququndan istifadə edə bilməyiblər.
Hazırda İstanbulda fəaliyyət göstərən və azərbaycanlılara xidmət edən yeganə məktəbdə bu uşaqlar təhsilə cəlb olunur.
Məktəbin direktoru Şərqiyyə Məmmədova "Baku TV" yə bildirib ki, bu məktəbi Türkiyə qanunlarına uyğun şəkildə 2013-cü ildən açıb və o vaxtdan bəri təhsildən kənarda qalan uşaqları cəlb etmək üçün mübarizə aparır.
Məktəbdə əsasən sənədləri qaydasında olmayan ailələrin uşaqları oxuyur. Direktorun sözlərinə görə, bu uşaqlar məktəbə gec gəlsələr də, proqram tam şəkildə onlara öyrədilir ki, dərslərdən geri qalmasınlar. Lakin bəzi inzibati problemlər hələ də qalmaqdadır.
"Ən böyük problemimiz Naxçıvanla bağlıdır. Uşaqlar burada 8-ci sinfi bitirirlər, amma Naxçıvanda onlara deyirlər ki, sən yenidən 8-ci sinfi oxumalısan. Halbuki qanun deyir ki, bilik səviyyəsi kifayət edirsə, şagird imtahan verib növbəti mərhələyə keçə bilər", – deyə direktor qeyd edir.
O, belə halların qarşısını almaq üçün rəsmi instansiyalara, hüquq şuralarına müraciət etdiyini, hətta bir şagirdin yüksək nəticə ilə 9-cu sinfə keçərək fizikadan birincilik diplomu qazandığını bildirib.
Türkiyədə yaşayan azərbaycanlı uşaqların təhsil problemi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da münasibət bildirib. Onun sözlərinə görə, məsələ gündəlik təmasda olduqları aidiyyəti qurumların diqqətindədir.
"Bu məsələlərlə bağlı problem yoxdur. Hər hansı çətinlik yaşanarsa, həmin ölkədəki aidiyyəti qurumlara və Azərbaycanın konsulluq, səfirlik nümayəndələrinə müraciət etməklə dəstək almaq mümkündür", – deyə Bahar Muradova bildirib.
Qeyd edək ki, hazırda Türkiyədə azərbaycanlılar üçün rəsmi dövlət məktəbi yoxdur. Lakin bu istiqamətdə işlər aparılır. Təhsil naziri Emin Əmrullayev bildirib ki, İstanbulda azərbaycanlılar üçün rəsmi dövlət məktəbinin açılması ilə bağlı planlar hazırlanır.