Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyi və O'zbekiston Jurnalistlar Uyushmasi ilə birgə təşkilatçılığı ilə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” mövzusunda forum keçirilib.
Yurd.Media xəbər verir ki, Forum Özbəkistan Prezident Administrasiyasının Kontent Mərkəzinin inzibati binasında keçirilib.
Tədbirdə Özbəkistanın aparıcı media qurumlarını təmsil edən 100-ə yaxın jurnalist və media nümayəndəsi iştirak edib.
Forum çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinin Sosial Media Komissiyasının sədri Hacibeləy Heydərli geniş təqdimatla çıxış edərək “deepfake” texnologiyalarının yaratdığı təhdidlər və onlarla mübarizə yollarından bəhs edib. “Editor Media” qrupunun direktoru, dəyərli dostum Fərid Şahbazlı isə panel müzakirəsində spiker qismində çıxış edərək iştirakçıların suallarını cavablandırıb.
Tədbirin sonunda mənim təqdimatımda ssenari müəllifi olduğum “Türk dünyasının mənəvi dirçəlişi” adlı bioqrafik sənədli film nümayiş olunub. Ardınca keçirilən interaktiv sual-cavab sessiyasında Azərbaycan və Özbəkistan mediasının təcrübələri, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri və gələcək birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum Özbəkistan mediasında da geniş rezonans doğurub. Tədbirlə bağlı materiallar 12 televiziya kanalının efirində yayımlanıb, 20-yə yaxın xəbər portalı və informasiya resursunda dərc olunub.