SÜJET
Venesuelada Orinoko çayında yaşayan nadir timsah növü – Orinoko timsahları – yox olmaq təhlükəsi ilə üz-üzədir. Hazırda təbiətdə onların sayı 100-dən də azdır. Uzun illərdir insanların bu timsahları dərisi, əti və yumurtası üçün ovlaması onların sayının kəskin azalmasına səbəb olub.
Yurd.Media xəbər verir ki, bioloq və baytarlar bu vəziyyətdən narahatdır və timsahların sayını artırmaq üçün birgə tədbirlər həyata keçirirlər. Onlar xüsusi mərkəzlərlə əməkdaşlıq edərək timsahları zooparklarda və nəzarət olunan şəraitdə yetişdirirlər. Yumurtalar təbii yuvalardan inkubasiya mərkəzinə aparılır. Körpə timsahlar burada bir ilə yaxın saxlanılır və 6 kiloqram çəkiyə çatdıqdan sonra təbiətə buraxılır.
Layihədə iştirak edən mütəxəssislərin fikrincə, bu təşəbbüs yalnız elmi nailiyyət deyil, həm də bu nadir növün öz doğma torpaqlarına – Orinoko çayına – qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır. Artıq Venesuelada 200 timsah təbiətə buraxılıb.
Mütəxəssislər bildirirlər ki, Orinoko timsahları təhlükəli kimi görünsə də, əslində son dərəcə maraqlı və unikal canlılardır. Onların təbiətə uyğunlaşması və yaşama şansı bu bərpa layihələrinin uğuruna bağlıdır.