Ötən gecə İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.
Yurd.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb.
İranın raket zərbələri zamanı bütün İsrailin mərkəzində güclü partlayış səsləri eşidilib. İsrailin Yanğınsöndürmə və Xilasetmə Departamenti ölkənin mərkəzində və Qüdsdə çoxsaylı raketlərin düşməsi, yaşayış binalarına ziyan vurması, açıq ərazilərdə bir sıra yanğınlara səbəb olması barədə xəbərləri təsdiqləyib.
Gecə ərzində həmçinin İsrailin Tehranda yerləşən İranın Müdafiə Nazirliyinin qərargahına hücum etdiyi bildirilir.
Məlumata görə, hücum paytaxtın Nobaniad rayonunda baş verib və qərargahın inzibati binalarından biri qismən zədələnib. İsrailin zərbəsindən sonra İranın paytaxtı Tehranın qərbində yerləşən neft məhsulları anbarlarından birində güclü yanğın qeydə alınıb.
İran İsrailin hücumlarına cavab olaraq Hayfa şəhərində yerləşən neft emalı zavodunu raket atəşinə tutub.