Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
Yurd.Media xəbər verir ki, Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşılayıb.
Azərbaycan Prezidenti xatirə kitabını imzalayıb.
Əvvəlcə Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək görüşü oldu.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və tarixi normallaşdırma sənədi ilə əlaqədar təbrik edib. İki ölkənin parlamentləri arasında mövcud əlaqələrdən məmnunluğunu bildirən Rixard Raşi Azərbaycana, Qarabağa səfərini xatırladı, işğaldan azad edilmiş Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirakını ölkələrimiz arasında dostluğun nümunəsi kimi qiymətləndirib.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında keçən il strateji tərəfdaşlıq sənədinin imzalandığını və əlaqələrimizin bu zəmində inkişafını vurğulayıb.
Görüşdə Azərbaycanla Slovakiya arasında parlament diplomatiyasının əhəmiyyətinə toxunulub, beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin parlament təsisatları xətti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Söhbət zamanı enerji, müdafiə sənayesi, humanitar, idman, birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edilib.