ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt sanksiyalar Tehranı getdikcə Çindən siyasi, iqtisadi və hərbi baxımdan asılı vəziyyətə salır. Bu asılılıq artıq təkcə enerji və ticarət sahələri ilə məhdudlaşmır, regional təhlükəsizlik arxitekturasına da birbaşa təsir göstərir.
Yurd.Media xəbər verir ki, bu barədə “Prioritet” Sosial‑İqtisadi Araşdırmalar Mərkəzinin hazırladığı geniş hesabatda qeyd olunur.
Bildirilir ki, İran ilə Çin arasında 2021-ci ilin martında imzalanmış 25 illik Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi rəsmi olaraq 400 milyard dollarlıq iqtisadi çərçivə kimi təqdim edilsə də, faktiki olaraq Tehranın alternativ iqtisadi və siyasi manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Sazişə əsasən, Çinin İranın neft, qaz və neft-kimya sektoruna təxminən 280 milyard dollar, nəqliyyat və istehsal infrastrukturuna isə 120 milyard dollar həcmində sərmayə qoyacağı nəzərdə tutulurdu. Lakin “Prioritet”in təhlilinə görə, bu investisiyalar bərabərtərəfli iqtisadi əməkdaşlıqdan daha çox strateji asılılıq mexanizmi formalaşdırır.
Qeydə alınmayan neft ticarəti və hərbi əməkdaşlıq
Rəsmi statistikaya görə, 2025-ci ildə Çin-İran ticarət dövriyyəsi 10 milyard dollar səviyyəsində göstərilsə də, ABŞ Konqresinin hesabatları Çinin İrandan 31,2 milyard dollar dəyərində qeydə alınmamış xam neft idxal etdiyini ortaya qoyur. Bu fakt, sanksiyaların Çin vasitəsilə faktiki olaraq neytrallaşdırıldığını göstərir.
Bununla yanaşı, 2026-cı ilin əvvəlində Çinin İrana PUA və raket texnologiyaları satması ilə bağlı yayılan məlumatlar iqtisadi asılılığın artıq hərbi müstəviyə keçdiyini göstərir. “Prioritet”in qiymətləndirməsinə görə, bu proses Yaxın Şərqdə güc balansını dəyişən əsas faktorlardan biridir.

Pekinin yeni strategiyası: borc yox, infrastruktur asılılığı
Hesabatda vurğulanır ki, Çin artıq klassik “borc tələsi” modelindən uzaqlaşaraq kritik infrastruktura nöqtəvi investisiyalar strategiyasına üstünlük verir. Limanlar, enerji şəbəkələri, logistika dəhlizləri və rəqəmsal sistemlər üzərində nəzarət Pekinə uzunmüddətli siyasi təsir imkanları yaradır.
2000–2023-cü illər arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ayrılan 2,2 trilyon dollarlıq kredit və qrantlar bu strategiyanın əsas dayağı kimi qiymətləndirilir. 2025-ci ildə isə Çin layihələrinin illik həcmi 213,5 milyard dollara çataraq rekord göstərici qeydə alıb.
Mərkəzi Asiya və Körfəz: yeni təhlükəsizlik axtarışları
“Prioritet”in təhlilinə görə, Çin Mərkəzi Asiyada da mövqelərini sürətlə möhkəmləndirir. 2025-ci ilin sonuna regiona yatırılan Çin sərmayələrinin həcmi 66 milyard dollara çatıb. Qazaxıstan, Özbəkistan və Türkmənistan əsas hədəf ölkələr kimi önə çıxır.
Körfəz regionunda isə vəziyyət daha həssasdır. ABŞ-İran qarşıdurması və İsrail amili fonunda Körfəz ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinə etimadını itirməyə başlayıb. Sorğulara əsasən, region əhalisinin 77 faizi ABŞ siyasətini sabitlik üçün əsas təhdid hesab edir.

Çinin “Dörd Sülh Təşəbbüsü” və alternativ model
Mərkəzin qənaətinə görə, yaranmış boşluğu doldurmaq üçün Pekin 2026-cı ilin aprelində “Dörd Sülh Təşəbbüsü”nü irəli sürüb. Bu model sərt hərbi bloklar əvəzinə, çoxtərəfli əməkdaşlıq, iqtisadi qarşılıqlı asılılıq və dialoq əsaslı təhlükəsizlik yanaşmasını təklif edir.
Nəticə etibarilə, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi hesab edir ki, ABŞ-ın hərbi təhlükəsizlik modeli Körfəz üçün artıq etibarlı mexanizm deyil. Orta və uzunmüddətli perspektivdə Hörmüz boğazının təhlükəsizliyi və regional sabitlik yalnız Çinin zəmanəti ilə, Tehranla birbaşa razılaşmalar və regional koalisiya modeli vasitəsilə mümkün görünür.