Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Avropa Parlamentinin 16 aprel qətnaməsini sərt şəkildə qınadı.
Yurd.Media xəbər verir ki, EAPCA rəhbəri Sahil Qasımovun Avropa Parlamentinə ünvanladığı bəyanatda bildirilib ki, qəbul edilən sənəd qərəzli və birtərəfli xarakter daşıyır, obyektivlikdən, beynəlxalq hüquq normalarından və ədalətli yanaşma prinsiplərindən uzaqdır. Qeyd olunub ki, Avropa Parlamenti regionda baş verən proseslərə selektiv yanaşaraq siyasi maraqlar prizmasından çıxış edir.
Bəyanatda vurğulanıb ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini təmin edib, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın qurulması istiqamətində ardıcıl addımlar atır. Bu fonunda Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartlar tətbiq etməsi anlaşılan deyil və beynəlxalq hüquqa ziddir.
EAPCA hesab edir ki, Avropa Parlamentinin son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə qəbul etdiyi bu cür sənədlər artıq kampaniya xarakteri alıb və belə qətnamələr bölgədə revanşist qüvvələri daha da ruhlandıra bilər.
Qurum Avropa Parlamentinin 16 aprel tarixli qətnaməsini kəskin şəkildə qınadığını bəyan edib, bu cür yanaşmalara son qoyulmasını tələb edib və Cənubi Qafqazda formalaşmış yeni reallıqları qəbul etməyə çağırıb.
Sonda qeyd olunub ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası bu coğrafiyada yaşayan azərbaycanlıların səsini ifadə edir və Azərbaycanın haqlı mövqeyini bundan sonra da qətiyyətlə müdafiə edəcək.
