Bəşəriyyət tarixində ilk dəfə olaraq Günəşin cənub qütbü ekliptika müstəvisindən kənardan çəkilmiş görüntülərlə əks olunub.
Yurd.Media xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) və NASA bu unikal fotoları dünyaya təqdim ediblər.
“Solar Orbiter” adlı kosmik aparat bu görüntüləri 2024-cü ilin mart ayında çəkib. Məlumatlara görə, bu Günəşin qütb bölgələrindən çəkilmiş ilk real fotolardır.
Yeni dövrün başlanğıcı
ESA-nın elm üzrə direktoru professor Karol Mandell bu hadisəni “Günəş elminin yeni dövrü” adlandırıb:
“Günəş bizə həyat verir, eyni zamanda müasir texnologiyalar üçün təhlükə yarada bilər. Ona görə də onun davranışını anlamalı və proqnozlaşdırmağı öyrənməliyik”.
Əvvəllər Günəşin şəkilləri yalnız onun ekvatoru ətrafından çəkilirdi. Çünki Yer də daxil olmaqla, bütün planetlər və mövcud kosmik aparatların orbitləri Günəşin ətrafında düz, ekliptik müstəvi üzrə yerləşir. Ancaq “Solar Orbiter” bu müstəvidən kənara çıxaraq Günəşi fərqli bucaqdan görüntüləməyi bacarıb.
Ən yaxşı görüntülər hələ qarşıdadır
“Solar Orbiter” 2020-ci ildə ABŞ-ın Florida ştatından kosmosa buraxılıb. Aparat gələn illərdə orbitini daha da əyməklə Günəşin qütblərini daha dəqiq müşahidə edəcək. ESA-nın bildirdiyinə görə, “ən maraqlı görüntülər hələ qarşıdadır”.
Alimlər bildirirlər ki, Günəşdə Yer kürəsindəki kimi sabit qütblər yoxdur. Ulduzun ekvatoru hər 26 gündə, qütbləri isə hər 33 gündə döndüyü üçün o, bərk cisim kimi fırlanmır və nəticədə onun maqnit qütbləri hər 11 ildən bir dəyişir.
Hazırda Günəş “maqnit maksimum” mərhələsindədir – bu zaman ləkələr və partlayışlar daha çox baş verir. Təxminən 5-6 il sonra isə “maqnit minimum” dövrü başlayacaq və bu dövrdə Günəşin aktivliyi ən aşağı səviyyəyə düşəcək.
Son görüntülər Günəşin cənub qütbündə həm şimal, həm də cənub maqnit sahələrinin parçalanmış mozaikasını nümayiş etdirir.
Gələcəkdə Veneranın yanından keçəcək
“Solar Orbiter”in əsas missiyası 2026-cı ilin dekabrına qədər davam edəcək. Maraqlıdır ki, aparat 2029-cu ildə Veneranın yanından keçəcək və bu zaman daha dərin kosmik müşahidələr üçün imkanlar yaranacaq.