Böyük Britaniyada süni intellekt (AI) sahəsində yeni mərhələyə keçid edilir.
Yurd.Media xəbər verir ki, ölkənin maliyyə naziri Reyçel Rivz Edinburqda yerləşən universitetdə ölkənin ən güclü superkompüterinin inşa ediləcəyini elan edib. Bu məqsədlə hökumət 750 milyon funt sterlinq (təxminən 1 milyard dollar) ayırıb.
NVIDIA-nın baş direktoru Censen Huanq bu həftə keçirilən London Texnologiya Həftəsində qeyd edib ki, Böyük Britaniyanın süni intellekt sahəsində lider olmaq üçün hər şey var, infrastruktur istisna olmaqla:
“Maşın öyrənməsi üçün əvvəlcə ‘maşın’ lazımdır. Burada superkompüterlərin yaradılması yeni AI startaplarını da ölkəyə cəlb edəcək”.
Britaniya hökumətinin hesablamalarına görə, süni intellekt sahəsi tam inkişaf edərsə, ölkə iqtisadiyyatına hər il 47 milyard funt gəlir gətirə bilər.
Mütəxəssislər bildirirlər ki, bu sərmayələr Britaniyanın qlobal süni intellekt yarışında ön sırada yer almasını təmin edə bilər.