SÜJET
Yay gəldisə, Bakıda turist əlindən tərpənmək olmur. Hara üz tutsan, xarici dildə danışan, fərqli geyimdə gəzişən insanlarla qarşılaşırsan. Parklar, restoran-kafelər, otellər turistlə doludur. Hər obyektin qabağında taksi sürücüləri də qazanc əldə etmək üçün hazır vəziyyətdə ard-arda növbə gözləyirlər.
Çimərlik və hostel biznesində çalışan şəxslər də bu zamanı çox sevirlər. Dondurma, sərin su və qarpız istəyənlərə də müvafiq xidmət təklif etməklə birə on gəlir əldə etmək mümkündür. Bir sözlə, turist özü ilə pul gətirib xərcləmək niyyətindədir. Bu sırada kim əldən cəld tərpənsə, o da qazanacaq.
Dənizi, mülayim iqlimi, gözəl mətbəxi, qonaqpərvərliyi yerində olan hər bir ölkədə turizmi inkişaf etdirmək üçün layihələr hazırlanır, biznes mühiti yaradılır. Türkiyə, Gürcüstan, İspaniya, Portuqaliya, Misir kimi ölkələrdə turizmdən gələn vəsait hesabına milyonlarla insan iş yeri qazanır.
Azərbaycanda da bu sahədən gəlir əldə etmək üçün xeyli işlər görülüb. Otellər inşa edilib, yollar çəkilib, nəqliyyat infrastrukturu yaradılıb. Çimərliklərdə daim monitorinqlər keçirilir. Azərbaycana gələn xarici qonaqlar ölkənin kifayət qədər təhlükəsiz olduğunu xüsusi qeyd edirlər. Burada Cənubi Amerika ölkələrində olan kimi küçədə kiminsə çanta və ya smartfonunun qaçırılması baş vermir. Oğurluq və fırıldaqla üzləşmək olar, amma açıq-aydın küçənin ortasında belə hallarla üz-üzə gələ bilməzsiniz.
Bakının bir sıra restoranlarında da xaricilər üçün xüsusi menyular da hazırlanır. Məsələn, daha çox ərəb turistlərə hesablanmış “Vip çay dəstgahı ”nın qiyməti bəzən 70-100 manat arası dəyişir. Halbuki eyni xidməti Azərbaycan vətəndaşı xeyli aşağı məbləğə əldə edə bilər. Muzeylərdə də xarici vətəndaş üçün bir, yerli vətəndaş üçün isə başqa qiymət təklif edilir.
Bu günlərdə turizm sektoru ilə bağlı maraqlı statistika paylaşılıb. Məsələn, bu ilin yanvar-may aylarında Azərbaycana 178 ölkədən 979,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Xaricilər Azərbaycanda ümumilikdə 1 milyard 224,75 milyon manat pul xərcləyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur. Bu şəxslərin 598 332 nəfəri ölkədə onlara göstərilən xidmətdən razı qalıb.
Narazı qalan turistlərin bir çoxu avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Metro ilə sərnişindaşıma, yerləşmə, ictimai iaşə (qida), turagent və turoperatorların, bələdçi kimi xidmət növlərindən narazı qalan turistlərin sayı da kifayət qədərdir.
Rəqəmlərdən göründüyü kimi ölkəyə səfər edənlərin sayı elə də çox deyil. Onların otellərdə yerləşmək, hansı xidmətdən istifadə etmək imkanları qaydasındadır. Necə deyərlər, gələn qonağı layiqincə qarşılamaq, qida ilə təmin etmək, yerləşdirmək problemi duyulmur.
Di gəl, dünyanın heç də hər yerində belə deyil. İtaliya, İspaniya, Portuqaliya, Xorvatiya, İslandiya, Avstriya, Fransa kimi ölkələrdə turist axını olmazın problemlərə yol açıb. Turistlər bir tərəfdən gəlir mənbəyi olsalar da, digər tərəfdən yerli əhalinin normal yaşamasını əngəlləyirlər. Son illərdə İspaniyanın Barselona şəhərinin sakinləri daim turistlərə qarşı etiraz aksiyaları keçirir. Mövcud statistikaya görə, cəmi 1.5 milyon əhalisi olan şəhərə ildə 26 milyon turist gəlir.
Aksiyaya çıxan barselonalılar “Barselona satılmır”, “Turistlər evlərinə dönsünlər” kimi plakatları əldə tutaraq yerli hakimiyyət qurumlarından təcili tədbir görülməsini tələb edirlər. Bənzər bu cür etiraz dalğasına Portuqaliyada da rast gəlinir. Turistlər yerli əhalini sıxışdıraraq həyatı dözülməz həddə çatdırırlar.
Nə qədər qəribə görünsə də, xaricilərin böyük miqdarda hansısa ölkəyə axın etməsi çox böyük problemlərə yol açır. Turist pul xərcləsə də, bu, insanlar üçün yetərli deyil. Turizmin inkişaf etdiyi regionlarda bazar bir növ “od tutub yanır”. Qida məhsullarından tutmuş, ev kirayəsinə kimi dəhşətli dərəcədə qiymət artımı müşayiət olunur. Əmlakı olanlar onu yerli əhaliyə ucuz qiymətə deyil, məhz bahasına turistə kirayə verirlər. Restoran və kafelərdə adi sakinlərin yer tapması belə müşkülə çevrilir. Nə yer var, nə də hesabı ödəməyə pulun kifayət edir. Hətta tikinti bazarı belə xaricilərə hesablanıb. Pullu əcnəbilər əziyyət çəkib otel axtarmaq əvəzinə, Aralıq dənizi sahilində olan gözəl yerlərdə bahalı villa almağa üstünlük verirlər.
Parklarda, istirahət mərkəzlərində, kinoteatrlarda azad yer tapmaq mümkünsüz bir işə çevrilir. Hər tərəfdə kütləvi turist axını müşahidə edilir. Turizm ən adi, ucuz məhsulları çox bahalı və əlçatmaz arzuya çevirir. Yerli sakinlərin imkanları birə on azalır. Turist həm alkoqol içir, həm səs-küy salır, həm də yeri gəlsə, lüt soyunub o baş, bu başa qaça da bilər. İspaniyada çılpaq və içkili turistlərin davranışına qarşı etiraz aksiyaları keçirilib. Tailand kimi ölkələrə səfər edən xaricilər həm içki içmək, həm də intim xidmət göstərən seks işçilərlə zaman keçirmək arzusundadırlar. Hollandiyada azad münasibətlər və marixuana əlçatan olduğuna görə bu ölkə milyonlarla insanı özünə cəlb edir.
Mövcud statistikaya görə, Fransaya ildə 80 milyondan çox turist gəlir. Eyfel qülləsi də turistlərin ən çox baş çəkdiyi məkan sayılır. Paris şəhəri ildə öz yerli əhalisindən qat-qat artıq əcnəbi qəbul edir. Əslində isə turist axını bu şəhəri bərbad vəziyyətə salır. Dillərdə əzbər olan “O gözəl Paris” dünyanın ən zibilli, kriminogen şəhərlərindən biridir. Siçovul əlindən tərpənmək mümkün deyil. Üstəlik miqrant axını da xeyli problemə yol açır.
Ən ciddi məsələlərdən biri İtaliyanın Venesiya şəhəri ilə bağlıdır. Şəhər sakinlərinin rahatlığı çoxdan pozulub. Cəmi 50 min sakini olan şəhərə hər gün orta hesabla 80 min insan gəlir. Onları təmin etmək mümkünsüz bir işə çevrilib. Venesiyanın əhalisi şəhərə böyük gəmilərin daxil olmasını əngəlləməyi tələb edirlər. Hazırda bu yerdə velosiped sürmək, göyərçinlər yedizdirmək, küçədə çimərlik geyimində gəzmək qadağan edilib. Burada 1 gündən artıq qalmaq istəyən şəxs xüsusi vergi ödəməlidir.
Azərbaycanın quru sərhədlərinin bağlı olması həm də turist sayının tənzimlənmsinə ciddi təsir edir. Yəni ölkəyə əcnəbilər əsasən təyyarə ilə gəlirlər. Bu da uzaqbaşı ildə 2.5 milyon insanı qəbul etməyə imkan yaradır. Bu gün ölkənin turizm potensialına uyğun rəqəmdir. Digər tərəfdən isə sərhədlərin açılması da bir sıra çətinliklərin peyda olmasına zəmin yarada bilər. “Turist harada qalacaq, nə yeyəcək, nə içəcək” suallarının birmənalı cavabı yoxdur. Bazar iqtisadiyyatı belə qurulub: nəsə çatmırsa, azalırsa, deməli mütləq bahalaşma olacaq. Ölkəyə istirahətə gələn şəxs gilası 8 manata rahatca ala bilir. Öz ölkəsində meyvə daha bahadır, amma yerli əhali üçün bu olduqca yüksək rəqəmdir. Bəzi məhsullar üzrə son illərdə əhali daim qıtlıqla qarşılaşır. Çiyələk, gilas, albalı, kartof durmadan bahalaşır. Xarici razı qalsa da, yerli sakinlərdə bir narazılıq duyulur.
Azərbaycan bir turist ölkəsi kimi özünü artıq dünyada tanınıb. Gələnlərin sayı il-ildən artır, amma nəqliyyat, qida və otel sektoru çox çətinliklə davam gətirir. Quru sərhədlər açılan kimi, bir daha bahalaşmanı müşahidə edəcəyik. Tıxac və qiymət artacaq, çünki axına hazır deyilik.
Venesiya və Barselona sakinlərinin yaşadığı dəhşəti göz önünə gətirib indidən gələcək problemlərə hazırlaşmaq lazımdır. Digər tərəfdən birbaşa bu sahə ilə məşğul olan, büdcədən maliyyələşən Turizm Agentliyi də var. Hər halda bu qurumun bir “B” planı olsa, yerinə düşərdi.