SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Təhsil seçimi: olum və ölüm savaşı - ARAŞDIRMA

Təhsil seçimi: olum və "ölüm" savaşı - ARAŞDIRMA

Yaz ayları illərdir ki, abituriyentlər üçün həm ümid, həm də qorxu dolu bir dönəmdir. Qəbul imtahanları yalnız bilik deyil, eyni zamanda psixoloji dözümlülüyün sınağına çevrilib. Hər il minlərlə gənc universitetə qəbul olmaq üçün imtahan verir, lakin nəticə hər kəsin istədiyi kimi olmur. Kimi yüksək bal toplayıb arzuladığı fakültəyə daxil olur, kimi isə uğursuzluqla qarşılaşır. Bu nəticələr ailədaxili münasibətlərə də birbaşa təsir edir.

Valideyn təzyiqi və nəticələri

Psixoloq Vüsalə Əmiraslanova Yurd.Media-ya bildirib ki, abituriyent dönəmi bir çox ailə üçün ciddi psixoloji gərginliklə keçir:

"9-11-ci sinifdə artıq gərginlik başlayır. Valideynlər bu mərhələni faciə kimi qəbul edir. "Oğlum 9-a keçdi, qızım 11-ə çatdı" deyərək həyəcan keçirirlər. Ərzaqdan dərs hazırlığına qədər bütün resurslar səfərbər olunur. Bu isə uşağa da ötürülür və onun psixikasına təsir edir".


Əmiraslanova əlavə edib ki, valideynlər arasında iki tip yanaşma mövcuddur: biri uşağı motivasiya edən, digəri isə təzyiqlə onu bacardığından daha zəif nəticəyə gətirən. Valideynin yalnız maddi sərmayəyə fokuslanması, "biz sənin üçün bu qədər pul xərclədik" kimi cümlələr isə uşağı daha da çətin vəziyyətə salır.

Təhsilin ağırlığı və sistemin rolu

Psixoloq onu da vurğulayır ki, təhsil proqramlarının ağırlığı da uşaqların üzərinə əlavə yük qoyur:

“Proqramlar elə qurulub ki, uşaqlar doqquzuncu sinifdə qədər bünövrəni möhkəmləndirmədən 10-11-ci sinifdə çətinlik çəkirlər. Təəssüf ki, hər uşaq bu ağırlığa eyni cür dözə bilmir”.

Bu gün psixoloji dəstəyə ehtiyac duyan abituriyentlərin sayı artır. Psixoloqlar və məktəb müəllimləri birlikdə çalışaraq bu gənclərə kömək etməlidirlər.

Universitet: Təhsil pilləsi, yoxsa sosial döyüş?

Təhsil üzrə ekspert Elmin Nuri isə diqqəti başqa bir problemə yönəldir – universitetə münasibətə:

“Bu gün bizim cəmiyyətdə universitet bir təhsil pilləsi deyil, sanki sosial mübarizənin qalibiyyət simvoludur. Universitetə daxil olmaq bəzən əmək bazarına deyil, ailənin və ətrafın sosial statusuna xidmət edir”.

Ekspert hesab edir ki, məsələ qəbul imtahanlarının modelində deyil, bu modellərə olan yanaşmadadır. Test sistemi ilə bağlı mübahisələr olsa da, problem ondan daha dərindir:

“Universitet bizim üçün ölüm-dirim savaşıdır. Halbuki ali təhsil tək uğur meyarı deyil. Gənclərin istəklərinə, bacarıqlarına əsasən yönləndirilməsi daha önəmlidir”.

Əslində gənclər 15-17 yaşda gələcək karyeraları ilə bağlı tam aydınlığa sahib olmaya bilər. Psixoloqlar hesab edir ki, bu yaşda doğru seçimi etməkdə çətinlik çəkmək normaldır. Əsas odur ki, gənc öz yolunu özü tapsın. Valideyn isə ona dəstək olmalı, amma təzyiq göstərməməlidir.

Bəzən valideyn öz təcrübəsinə əsaslanaraq uşağı yönləndirməyə çalışır. Amma dövr dəyişir, texnologiyalar yenilənir, peşələrin tələbatı dəyişir. Gənc öz yolu ilə getməlidir, səhv etsə də, bu onun seçimi olmalıdır.

Təhsil sistemi, valideyn münasibəti və cəmiyyətin universitetə baxışı birgə şəkildə dəyişməlidir. Gənclər yük deyil, gələcəkdir. Onları anlamadan, dinləmədən və yönləndirmədən bu savaşı qalibiyyətlə keçmək mümkün deyil.

Prime Leasing