SÜJET
Artıq iki həftəyə yaxındır ki, məktəblər bağlanıb. Təəssüf ki, bəzi şagirdlər bu il bir və ya bir neçə fəndən "2" qiymət alaraq yay tapşırıqları ilə qarşılaşıblar. Mövzu ilə bağlı Yurd Media-ya açıqlama verən təhsil üzrə ekspert, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev şagirdlərin zəif nəticələrinin səbəblərinə və qiymətləndirmə prosesindəki problemlərə toxunub.
E.Hacıyev bildirib ki, şagirdlərin illik qiymətlərindəki zəif nəticələr əsasən təlim ehtiyaclarının düzgün müəyyənləşdirilməməsi, izləmə prosesinin lazımi səviyyədə aparılmaması və müəllimlərin metodiki yanaşmalarındakı fərqliliklərlə bağlıdır:
“2018-ci ildən qüvvədə olan qiymətləndirmə sənədinə əsasən, ümumi təhsil məktəblərində şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılmalıdır. Bu diaqnostika şagirdlərin bilik və bacarıqlarını, səriştələrini, təlim ehtiyaclarını müəyyənləşdirmək üçündür. Əgər bu mərhələ düzgün həyata keçirilməzsə, yekun qiymətləndirmə də real nəticəni əks etdirməyəcək”.
Ekspertin sözlərinə görə, zəif nəticə göstərən şagirdlərlə bağlı fərdi yanaşmalar, əlavə dəstək, psixoloji və mənəvi motivasiya vacibdir. O vurğulayıb ki, müəllimlər yalnız qiymət çıxarmaqla deyil, həm də şagirdin il ərzindəki inkişaf tempini nəzərə alaraq qiymətləndirmə aparmalıdır:
“Əgər şagird dərs ilinin əvvəlində ‘A’ səviyyəsində idisə, amma sonda ‘B’ səviyyəsinə yüksəlibsə, bu artıq irəliləyişdir və müəllimin fəaliyyətinin nəticəsidir.”
E.Hacıyev əlavə edib ki, bütün bu proseslərdə valideynlərin rolu da az deyil. Ailədəki vəziyyət, uşağın yaş dövrünə uyğun psixoloji dəyişikliklər və müəllim-şagird münasibətləri qiymətləndirmə nəticələrinə ciddi təsir göstərir.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də Yurd Media-nın sorğusuna cavab olaraq bildirib ki, şagirdlərin sinifdən-sinfə keçirilməsi, yaxud təkrar sinifdə saxlanılması məsələləri "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar"a əsasən tənzimlənir. Qaydalara görə:
“Şagirdə illik qiymət yarımillik nəticələr əsasında çıxarılır. Yarımillik qiymətlər isə Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmə (BSQ) nəticələrinə əsasən formalaşır. Şagird 1-3 fəndən qeyri-kafi qiymət alarsa, ona yay tapşırıqları verilir. Tapşırıqları mənimsəyən şagirdlər növbəti sinfə keçirilir. 4 və daha çox fəndən ‘2’ alanlar isə təkrar sinifdə saxlanılır”.
Qeyd edək ki, hazırda "2" qiymət almış şagirdlərə yay tapşırıqları təqdim olunub və onlar bu mövzuları avqust ayının sonunadək müstəqil şəkildə mənimsəməlidirlər.
Lakin ekspertlər narahatlıq ifadə edir: dərs ili boyu müəllim dəstəyi ilə belə mövzuları tam başa düşə bilməyən bir şagirdin yay dövründə bu materialları təkbaşına öyrənməsi çətin ola bilər. Əgər bu problem sistemli şəkildə davam edərsə, tədris ilinin əvvəlində nəticələri açıq şəkildə görmək mümkün olacaq.