Regional Təhsil İdarələrinin yeni müdir müavinləri

Regional Təhsil İdarələrinin yeni müdir müavinləri

  • 22 aprel 2025, 11:54

Bir sıra regional təhsil idarələrinə yeni müdir müavinləri təyin olunub.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Rahim Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar. Aynur Rüstəmova 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” ixtisası üzrə bakalavriat, 2008-2010-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Filologiya” ixtisası üzrə magistratura səviyyələri üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1998-ci ilə Bakı şəhəri 51 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2006-2022-ci illərdə Bakı Avropa Liseyi, Bakı şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim və təlim-tərbiyə (tədris) işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2022-ci ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışır. A.Rüstəmova bir sıra dərslik, metodiki vəsait və ümmumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş proqramların həmmüəllifi və müəllifi olub. Həmçinin o, bir çox layihələrdə iştirak edib, 2009-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Rahim Novruzov 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2001-2006-cı illərdə Qobustan Rayon Təhsil Şöbəsində metodist, 2006-2022-ci illərdə müxtəlif ümumtəhsil məktəblərində müəllim, direktor, 2022-2024-cü illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsində Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri vəzifələrində çalışıb. 2024-cü ildən həmin idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb. Hüseyn Hüseynov 2005-2009-cu illərdə Lənkəran Dövlət Universitetində “Gömrük işinin təşkili" ixtisası üzrə bakalavr, 2011-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2011-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar şəhər Məktəb-Lisey Kompleksində baş mütəxəssis olaraq başlayıb. 2019-2023-cü illərdə AR Elm və Təhsil Nazirliyində müvafiq vəzifələrdə çalışıb. 2023-cü ildən isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb. (Modern.az)