SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Məktəblərdə silah və bıçaq: Şagirdlər arasında zorakılığın kökündə nə dayanır? - ARAŞDIRMA

Məktəblərdə silah və bıçaq: Şagirdlər arasında zorakılığın kökündə nə dayanır? - ARAŞDIRMA

Son zamanlar məktəblərdə şagirdlər arasında silahlı insidentlər və fiziki zorakılıq hallarının artması ciddi ictimai narahatlığa səbəb olub. Misal olaraq, “İdrak” liseyində baş verən odlu silah insidenti, 233 nömrəli tam orta məktəbdə qeydə alınan bıçaqlanma hadisəsi, eləcə də 271 nömrəli tam orta məktəbdə baş verən fiziki zorakılıq faktını göstərmək olar. Bu cür halların baş verməsində əsas məsuliyyət təhsil müəssisələrinin, valideynlərin, cəmiyyətin, yoxsa şagirdlərin öz üzərinə düşür?

Psixoloq Gülnar Orucova Yurd.Media-ya bildirib ki, zorakılıq hallarının artmasında birinci valideynlər günahkardır, sonra övladları, sora isə təhsil müəssisələri:

"Uşaq altı yaşına qədər şüuraltı olaraq evdə formalaşır. Əgər uşaq sevgi görürsə cəmiyyətə sevgi, nifrət, şiddət görürsə nifrət və şiddət göstərir".

Psixoloq Gülnar OrucovaPsixoloq Gülnar Orucova

Psixoloq onu da vurğulayıb ki, son zamanlar şagirdlər arasında daha çox bullinq halları yayılıb və hərəsinin əlində bir telefon var:

"Telefonu məktəb vermir ki, biz məktəbdə günah axtaraq. Əgər valideyn övladını tərbiyə etmirsə, məktəb uşağı tərbiyə etməyəcək. Çünki, məktəb tədris öyrədir, tərbiyə yox. Bir çox valideynlər düşünürlər ki, telefon təhlükəsizlikdir. Amma əksinə, telefonu almaqla uşaqlarını ən böyük təhlükəyə atırlar. Valideynlər təhlükəsiz bildiyi metodları tətbiq etməklə uşaqlarını daha çox təhlükəyə salır".

Təhsil eksperti Elçin Əfəndi Yurd.Media-ya açıqlamasında deyib ki, şagirdlərin məktəblərdə yol verdiyi müvafiq kənara çıxma halları etik kodeksləri qorumamaq, sosial platformalardan istifadəsi, o cümlədən aqressiv oyunlar aludəçiliyi kimi məsələlərdən qaynaqlanır:

"Burada başlıca səbəb, valideynlərin düzgün tərbiyə mexanizminin tətbiq etməməsindən irəli gəlir. Valideyn nəzarət etməlidir ki, övladı hansı konteti izləyir, hansı musiqiləri dinləyir, hansı oyunları oynayır, övladına psixoloji təsir edən zərərli vərdişlər nələrdir? Təbii ki, valideyn məktəblə müntəzəm olaraq əlaqədə olmalıdır. Övladında neqativ hal aşkarlandıqda aradan qalxması üçün çalışmalıdır. Burada təhsil müəssisələrinin rolu valideyn qədər deyil. Təhsil müəssisi şagirdin tədris prosesi ilə bağlı müvafiq məsuliyyət daşıyır. Əlbəttə ki, müəssisə tərəfindən tərbiyə məsələsində də diqqətə alınacaq məqamlar olmalıdır".

Təhsil eksperti Elçin ƏfəndiTəhsil eksperti Elçin Əfəndi

Təhsil eksperti Rizvan Fikrətoğlu isə Yurd.Media-ya bildirib ki, vaxtında dinlənilməyən problem sonradan təhlükəyə çevrilə bilər:

"Məktəblərdə zorakılığın artması bir neçə faktorların üst-üstə düşməsi ilə yaranan problemdir:

1. Valideyn övladı telefonda nə izlədiyini, kim ilə ünsiyyət qurduğunu, aqressiyanın səbəbini bəzən görmür və yaxud ayıra bilmir.

2. Bəzi məktəblərdə psixoloq fəaliyyəti formal xarakter daşıyır. Tək dərs nəticəsinə fokslanmaqla yanaşı, uşağın psixoloji mühitini də izləməlidir.

3. Sosial şəbəkələrdə zorakılıq hallarının normallaşdırılması, küçə-jarqon dili və kriminal davranışların qəhrəmanlaşdırılması yeniyetmələrə ciddi təsir edir.

4. Aqressiv uşaq çox vaxt diqqətsizliyin, travmanın və yanlış istiqamətləndirmənin nəticəsində olur.

Belə halların qarşısını almaq üçün məktəblərdə psixoloji xidmət real işləməli, valideyn-məktəb əlaqəsi güclənməli, uşaqların sosial mediasında və ətrafında nəzarət artırılmalı, zorakılığa qarşı sıfır tolerantlıq tətbiq olunmalı və eləcə də şagirdlərə emosional idarəetmə və konflikt həll bacarıqları öyrədilməlidir".

Təhsil eksperti Rizvan FikrətoğluTəhsil eksperti Rizvan Fikrətoğlu

Mövzu ilə bağlı Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin də mövqeyini almaq cəhdlərimiz nəticəsiz qalıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları